“Bu cür proseslər əsasən yazın gəlişi dövründə, mart ayının sonlarından başlayaraq aprel ayının ortalarına qədər daha aktiv olur və tez-tez güclü yağışlarla müşayiət edilir. Mart ayının sonlarında yağan yağışlardan sonra isə Aralıq dənizi hövzəsindən daxil olan isti hava kütlələri bölgədə havanın temperaturunu 18–20 dərəcəyə qədər yüksəltdi. Bu istiləşmə buxarlanmanı artırdı ki, bu da yağıntıların intensivliyinə əlavə təsir göstərən amillərdən biri oldu. Hazırkı vəziyyətə əsasən demək olar ki, aprel ayı ərzində də bu cür dəyişkən və yağışlı hava şəraiti davam edə bilər. Aralıq dənizindən daxil olan isti siklonlar qısa müddətli mülayimləşmə yaratsa da, ümumi proseslər yağıntılı havanın üstünlük təşkil edəcəyini göstərir”.
Qeyd edək ki, mart ayının sonunda yağan yağışların miqdarı normadan xeyli artıq olub. Belə ki, Bakı və Abşeron yarımadasında illik yağıntı norması təxminən 200–250 mm olduğu halda, artıq bunun 60–70 faizinə yaxın hissəsi qısa müddətdə qeydə alınıb. Bu isə region üçün kifayət qədər yüksək yağıntı göstəricisi hesab olunur.