Yunanıstan 15 yaşdan kiçiklər üçün sosial şəbəkələri qadağan etməyə hazırlaşır

8 Aprel 2026 14:27 (UTC+04:00)

Yunanıstanda 15 yaşdan aşağı uşaqlar üçün sosial şəbəkələrin istifadəsini qadağan edən yeni qanun layihəsinin elan olunması planlaşdırılır.

Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumata görə, Yunanıstanın baş naziri Kiryakos Miçotakis bu qərarı rəsmi şəkildə açıqlamağa hazırlaşır. Qeyd olunur ki, Afina bu cür məhdudiyyətləri tətbiq edərsə, oxşar qanun layihələrini qəbul edən və ya hazırlayan ölkələrin siyahısına qoşulacaq.

Son aylarda uşaqlar və yeniyetmələr üçün sosial şəbəkələrin məhdudlaşdırılması rəqəmsal təhlükəsizlik sahəsində qlobal tendensiyaya çevrilib. Dünyanın bir çox ölkəsində bu istiqamətdə qanun layihələri müzakirə olunur.

Bu təşəbbüslər əsasən azyaşlıların zərərli kontentdən qorunması, internet asılılığının qarşısının alınması, kiberzorakılıqla mübarizə və psixi sağlamlıq problemlərinin azaldılması məqsədi daşıyır.

Mövsüm,

AzNews.az