ABŞ–İsrail və İran arasında təxminən 40 gün davam edən gərginliyin ardından əldə olunan atəşkəsə Türkiyə müsbət münasibət bildirib.
Rəcəb Tayyip Ərdoğan sosial şəbəkə hesabında paylaşdığı açıqlamada atəşkəsi müsbət qiymətləndirərək, onun sahədə tam şəkildə icra olunmasının vacibliyini vurğulayıb.
Ərdoğan bildirib ki, bölgəni uzun müddətdir gərginlik içində saxlayan münaqişədə əldə olunan atəşkəs ümidverici addımdır:
“Dünən gecə elan edilən atəşkəsdən məmnunluq duyuruq. Onun mümkün təxribatlara imkan verilmədən sahədə tam tətbiq olunmasını arzulayırıq.”
Türkiyə lideri həmçinin atəşkəsin əldə olunmasında rol oynayan tərəflərə təşəkkür edib və xüsusilə Pakistan kimi ölkələrin töhfəsini qeyd edib.
O əlavə edib ki, müharibə və qarşıdurmalardan əziyyət çəkən regionun tezliklə sülh və sabitliyə qovuşması əsas hədəfdir. Türkiyənin bundan sonra da həm regionda, həm də qlobal səviyyədə sülhün tərəfdarı olacağı vurğulanıb.
Mövsüm,
AzNews.az