ABŞ ilə İran arasında əldə olunan atəşkəsdən sonra tərəflərin danışıqları Islamabad şəhərində davam etdirməsi gözlənilir.
İranın İslamabaddakı səfiri Rıza Əmiri Müqəddəm bildirib ki, İran nümayəndə heyəti Şahbaz Şərifin dəvəti ilə Pakistana yola düşür. Onun sözlərinə görə, danışıqlar İranın irəli sürdüyü 10 maddə əsasında aparılacaq.
Diplomat qeyd edib ki, İsrailin atəşkəsi pozması ilə bağlı iddialar İran ictimaiyyətində müəyyən şübhələr yaradıb. Buna baxmayaraq, rəsmi Tehran diplomatik prosesi davam etdirmək niyyətindədir. Görüşlərin birbaşa, yoxsa dolayı formatda keçiriləcəyi və nümayəndə heyətinə kimin rəhbərlik edəcəyi hələ açıqlanmayıb.
Müvəqqəti atəşkəsin detalları
ABŞ və İsrailin 28 fevralda başlatdığı hücumlar və İranın cavab zərbələri ilə genişmiqyaslı qarşıdurmaya çevrilən prosesdə, Donald Trump 8 aprel gecəsi atəşkəsə razılıq verildiyini elan edib.
Vaşinqtonun şərtlərinə görə, atəşkəs 2 həftəlik müddəti əhatə edir və Hürmüz Boğazının açıq qalması əsas şərtlərdən biridir. ABŞ tərəfi İranın təqdim etdiyi 10 maddəlik təklif paketini danışıqlar üçün mümkün əsas kimi qiymətləndirir.
İran Milli Təhlükəsizlik Ali Şurası isə ölkənin münaqişədə hədəflərinə çatdığını bəyan edərək, yekun razılaşmanın maksimum 15 gün ərzində əldə olunmasının planlaşdırıldığını açıqlayıb.
Regional və beynəlxalq rol
Danışıqlar prosesində Türkiyə, Pakistan və Misir kimi ölkələrin vasitəçilik səyləri diqqət çəkir. Bu ölkələr tərəflər arasında əlaqənin qorunması və razılaşmanın əldə olunması üçün fəal diplomatik rol oynayıb.
İsrail isə atəşkəsi dəstəklədiyini açıqlasa da, razılaşmanın Livan istiqamətini əhatə etmədiyini bildirərək həmin bölgədə hərbi əməliyyatları davam etdirir.
Mövsüm
AzNews.az