İran məğlub oldu, irançılıq yaşaya bilməz: Söz Təbrizdə!

9 Aprel 2026 16:52 (UTC+04:00)

ABŞ prezidenti Donald Tramp Pakistanın baş naziri Şahbaz Şərifin “X” platforması üzərindən səsləndirdiyi atəşkəs çağırışını qəbul etməsindən sonra İrana zərbələr dayandırıldı. Əlbəttə, ABŞ-İsrail-İran savaşının aqibəti sosial şəbəkələr vasitəsi ilə müəyyən olunmur. Odur ki, Pakistanın vasitəçiliyi ilə arxa planda intensiv danışıqlar aparıldığını və Şahbaz Şərifin “tvit”inin bu danışıqları yalnızca üzə çıxaran çağırış olduğunu düşünmək daha doğru olar.

Hər kəsə məlumdur ki, daha öncə ABŞ prezidenti Donald Tramp təhqiramiz bir ultimatum vermiş, İranı “tamamilə məhv etmək üçün” vaxt qoymuşdu. O günəcən hərb və diplomatiya tarixində ən alçaldıcı yazışmalardan biri Zaporojye kazaklarının Osmanlı sultanı IV Mehmetə cavabı hesab olunurdu. Amma bu cavab idi, ultimatum deyildi. Dünya tarixində ən təhqiramiz ultimatumu Tramp İrana verdi və Tehran da sanki bir-iki ay öncə "nərə çəkən" o deyilmiş kimi, masaya getməyə razılaşdı. Nigeriyadan tirajlanmış "feyk" şərtnamələr, yaxud Trampın Ağ evdə birbaşa zibil qutusuna atdığı ChatGPT-də yazılmış namələr ciddi siyasi analizlərə predmet ola bilməz. Odur ki, məsələyə daha konkret yanaşmaq gərəkdir.

Xatırlayırsınızsa, ABŞ hələ bir müddət öncə 15 maddəlik təkliflər paketi yaymışdı. Hazırda bu təkliflərin Tehrana rəsmən qəbul etdirilməsi üçün masa qurulur. ABŞ-nin baxış bucağı budur ki, İran zənginləşdirilmiş nüvə resurslarını təhvil verməli, raket arsenalını qısmalı, proksi qüvvələrdən imtina etməli, yayılmaçılıq siyasətini dayandırmalı, bölgə və dünya üçün təhdid yaratmamalıdır. Əlbəttə, bütün bunların nəticəsi həm də İran coğrafiyası ABŞ-nin nüfuz dairəsində olmasının rəsmiləşməsidir. ABŞ ilə imzalanan istənilən saziş məzmunundan asılı olmayaraq, İranın ABŞ-nin nüfuz dairəsinə daxil olmasının təsdiq edəcək. Bu, həm bölgəmizdə, həm də dünyada yeni reallıq yaradır və zənnimcə, İranın uydurduğu absurd zəfər nağıllarını deyil, məhz bu reallığı şərh etməyimiz daha doğru olar. Reallıq isə budur ki, atəşkəs müharibənin vizual dayanması deyil, İranın məğlubiyyətinin diplomatik fazaya keçirilməsidir.

Savaşın dörd iç-içə müstəvidə aparıldığını düşünsək, birinci müstəvidə- hərbi eskalasiya zamanı ABŞ və İsrail 40 gün ərzində İranda 16 mindən çox hədəfə zərbə endirib. Bu hədəflər İran Silahlı Qüvvələrinin infrastrukturunu çox böyük ölçüdə məhv edib. Nüvə obyektləri, hərbi bazalar, çoxsaylı texnika sıradan çıxarılıb. İranın siyasi elitası və SEPAH komandanlığının birinci və ikinci rəhbər eşalonu zərərsizləşdirilib. Hava məkanına nəzarəti itirmiş İran uçaqdan tullanmış iki pilotu ələ keçirməyə belə qadir olmadı. Bəs, əks zərbələr nəticəsində ABŞ və İsrail hərbi baxımdan nə itirib? Hərbi əməliyyatların aparılmasına təsir edəcək səviyyədə itki yoxdur. Bir neçə dron və təyyarə vurmaqla, boşaldılmış kazarmalara raket atmaqla ABŞ ordusuna qalib gəlmək olmaz. Hazırda ABŞ-nin ixtiyarında qeyri-rəsmi rəqəmlərə görə 2700-dən çox F-35 qırıcısı var. Müharibə bir il davam etsə, İran bunun heç 35 ədədini vura bilməz. Amma yerdə qalan ən müasir qırıcılar İranı bir neçə dəfə turp əkini üçün hazır vəziyyətə gətirər. Qısacası, ABŞ və İsrailin hava və texnoloji üstünlüyü İranın müqavimət imkanlarını sistemli şəkildə sıradan çıxardıb.

Savaş başlayan günlərdə verdiyimiz bir proqnoz da özünü tam doğrultdu. Yadınızdadırsa, İranın körfəz ölkələrinə və digər qonşularına dron və raket tuşlamasının Tehran üçün ciddi problemlər yaradacağını bildirmişdik. Elə də oldu. İndi körfəz ölkələri Pentaqonu güzəştsiz mövqe tutmağa çağırırlar. Üzdə hər kəs atəşkəs razılaşmasını alqışlaya, dəstəkləyə bilər. Ancaq hazırda ərəb ölkələri hətta İsraildən də çox ABŞ-nin “çibanı kökündən təmizləməsini” umurlar. ABŞ öz strateji maraqlarına əsaslanaraq onların mövqeyini bir kənara qoya bilməz. Elə bu səbəbdən də İranın bölgəyə təhdid yaratmaq perspektivini qorumağa yönəlmiş cəhdləri ABŞ diplomatları masada bloklayacaq. Bu baxımdan hazırda ən ciddi problem İranın proksi qüvvələridir. İranın yaratdığı hay-küyə rəğmən Livanda bu proksi qüvvələrə İsrail ən şiddətli zərbələr endirməyə davam edir. Bu zərbələrin dayandırılıb-dayandırılmaması belə həlledici deyil. İranın proksi qüvvələr bəsləmək və bununla Yaxın və Orta Şərqdə nüfuz dairəsi yaratmaq planları artıq iflasa uğrayıb. ABŞ-nin kəməndi boynuna keçirərək öz istədiyi proseslərə sürüklədiyi İran artıq bölgədə at oynadacaq dövlət deyil. O, hazırda həm ABŞ qoşunlarının, həm də Körfəz ölkələrinin diplomatik mühasirəsindədir.

İran Hürmüz boğazını qapayərkən qarşısına qoyduğu məqsədlərə də nail ola bilmədi. Qlobal bazar İranın ən çox mədəd umduğu “Hürmüz silahı”nı neytrallaşdırdı. Boğazdan neft ixrac edən dövlətlər daha az satış həyata keçirsələr də, daha çox qazandılar. Neft idxal edən ölkələr isə, Trampa təzyiq edə bilməməklə birgə, onun iradəsindən asılı vəziyyətə düşdülər. Hürmüz boğazının açılıb-açılmaması Ağ ev üçün heç bir təhdid ifadə etmir, amma Trampın İrana hərbi yürüşünü dəstəkləməyən ölkələri belə onun mövqeyini bölüşməyə vadar edir. Bircə faktı deyək ki, İranın atəşkəs razılaşmasına təhrik edən tərəflərdən biri də Çindir və Pekin Hürmüz boğazının qapalı olmasından ən çox zərər görənlərdəndir. Bəli, İran eskalasiyası ABŞ üçün bir sıra qlobal problemlər üzə çıxardı. Məsələn, NATO-da. Ancaq bu, nə İranın yaratdığı, nə də İrana görə problemlərdir. İllərlə ABŞ-ın qüdrətinə arxayın olanlar indi onu həm də “donanmamız hazır deyil" arqumenti ilə dəstəkləmirlərsə, bu, tamam fərqli səbəblərdən qaynaqlanan sorundur.

İndi ən aktual sual kapitulyasiya imzalayacaq (əks halda, yenidən bombalanacaq və quru döyüşlərində ərazi itirəcək) İranın aqibətidir. İran daha 30 min etirazçı edam edə bilər, lakin bu rejimin sorğulanmasının qarşısını ala bilməyəcək. Maksimalist islam inqilabının yaratdığı təhlükələrin miqyası istər sosial-iqtisadi, istərsə də hərbi-siyasi kontekstdə o qədər böyükdür ki, teokratik rejimin büdcəsindən bəslənən təbəqələr modernləşmə çağırışları qarşısında dayana bilməz. İran istər sosial təkamül, istər hərbi çevrilişlər yolu ilə getsin, növbəti dayanacaq konstitusiya islahatlarıdır. Məşrutə və milli azadlıq hərəkatları 20-ci əsrdəki tarixinin əsas dinamikası olan İranda yeni konstitusiya müzakirələrinin kütləvi nümayişlərə çevriləcəyi gün kimi aydındır. ABŞ və İsrailin İranla müharibəsi məhz bu prosesi sürətləndirən tarixi fürsətdir. Bu baxımdan ABŞ İran daxilində fakt yox,- monarxiyanın bərpası planlarına “yox” deməklə, - proses yaradır.

Güney Azərbaycandakı soydaşlarımızın hazırda meydanlara çıxması arzulanan deyil. Bizim Quzey Azərbaycanda milli azadlıq hərəkatı təcrübəmiz var və bu təcrübə bizə deyir ki, 20 yanvar sayaq qətliamların Təbrizdə baş verməsini önləmək lazımdır. Lakin bu, Güney Azərbaycanın prosesi ancaq müşahidə edəcəyi anlamına da gəlməməlidir. Bu gün İranın aqibətinə münasibətdə Bakıda iki əsas ideoloji xətt üzə çıxıb. “İranı türkləşdirmək” adı altında Vahid İran modelini müdafiə edənləri müşahidə edirik. Lakin onlar bir suala aydın cavab verə bilmirlər: modernləşmə prosesi yaşamış farsların əlindən İranda iqtidarı kimlər, harada, nə vaxt və necə alacaq? Bu suala hətta ən səthi cavabı olanları da dinləməyə hazıram, ancaq İranla bağlı yaranan geopolitik reallığı “sionizm”, “evangilizm” kimi konspirativ məfhumlarla izah etməyə çalışanlar hətta dayaz yanaşmalar belə ortaya qoya biləcəyinə şübhə edirəm.

Güney Azərbaycanın milli azadlıq potensialını tarix bilgisi zəif olanlar ilk baxışdan sezməyə bilərlər, lakin Təbriz püskürmək ərəfəsində olan vulkan kimidir. Bu yöndə əsas məqam Tehran rejiminin zəifləməsi deyil, daxili legitimliyini itirməsidir. Klerikal qüvvələrin keçirdiyi legitimlik böhranının üzə çıxması üçün bir qədər vaxt və müharibənin dayanması lazımdır. İran daxilində baş verən proseslər göstərir ki, dövlət artıq klassik funksiyalarını yerinə yetirə bilmir və daxili güc balansı sürətlə dəyişərək İranı likvidasiyaya aparır. Bu isə tarixdə dəfələrlə sübut olunmuş dialektik bir qaydanı yenidən üzə çıxararaq müstəmləkə periferiyaların siyasi subyektə çevrilməsi mənasına gəlir. Güney Azərbaycandakı soydaşlarımız hazırda İran əsarətində olan xalqlar arasında həm demoqrafik çəkisinə, həm iqtisadi potensialına, həm də milli şüur səviyyəsinə görə daha çox fərqlənir. Odur ki, Güney Azərbaycanın mübarizəsi hüquqların genişlənməsi uğrunda deyil (20-ci əsrin əvvəllərində Əlimərdan bəy Topçubaşovun KADET-lərdən üz döndərməsi faktını yada salaq), siyasi statusunun müəyyənləşməsi paradiqmasına əsaslanacaq. Bu isə faktiki olaraq Güney Azərbaycanın milli istiqlaliyyət xəttidir.

Taleh ŞAHSUVARLI