ABŞ və İran iki həftəlik atəşkəs barədə razılığa gəlib. Razılaşmaya əsasən, Tehran Hörmüz Boğazını müvəqqəti olaraq yenidən açmağı qəbul edib.
Livan ətrafında fikir ayrılığı
“Tehran Times” qəzetinə danışan adı açıqlanmayan iranlı yüksək səviyyəli təhlükəsizlik rəsmisi bildirib ki, ABŞ ilə əldə olunan və İsraili də əhatə edən müvəqqəti atəşkəsə baxmayaraq, İsrailin Livana hücumları razılaşmanın pozulması deməkdir.
Rəsmi qeyd edib ki, atəşkəs bütün cəbhələri, o cümlədən Livanı da əhatə edir və bu istiqamətdə hücumlar davam edərsə, planlaşdırılan danışıqlar baş tutmayacaq.
“Hücumlar dayanmasa, danışıqlar olmayacaq”
İranlı mənbə vurğulayıb ki, Livanda hücumların dayandırılması İranın irəli sürdüyü 10 maddəlik planın əsas hissələrindən biridir. Onun sözlərinə görə, İranın xəbərdarlıqlarından sonra İsrailin hücumlarının miqyası azalıb, həmçinin “Hizbullah”ın da İsrailə ciddi zərbələr endirdiyi iddia olunur.
Ziddiyyətli açıqlamalar
Atəşkəsin vasitəçisi olan Pakistanın baş naziri Şahbaz Şərif razılaşmanın Livanı da əhatə etdiyini bildirsə də, ABŞ-ın vitse-prezidenti Cey Di Vens İsrailin Livana hücumlarının bu razılaşmanın bir hissəsi olmadığını bəyan edib.
İran isə əksinə, atəşkəsin regiondakı bütün münaqişələri, o cümlədən Livanı da əhatə etdiyini bildirir.
İslamabad görüşü gündəmdədir
ABŞ və İran tərəfləri danışıqların cümə günü Islamabad şəhərində başlaması barədə razılığa gəlib. Lakin Livan ətrafında davam edən gərginlik bu prosesin taleyini sual altına alır.
Mövsüm,
AzNews.az