"Amerika Birləşmiş Ştatlarında hansı siyasi partiyanın hakimiyyətdə olmasından asılı olmayaraq, ölkənin uzunmüddətli və dəyişməz strateji xətti mövcuddur. Hakimiyyətə gələn administrasiyalar bu strategiyanı qorumaqla yanaşı, yalnız taktiki addımlarda fərqli yanaşmalar sərgiləyə bilirlər. Bu baxımdan, ABŞ-nin İrana münasibəti də zaman-zaman dəyişən taktiki gedişlərlə müşayiət olunsa da, əsas məqsədin dəyişmədiyi müşahidə olunur. Bu məqsəd isə İranda mövcud siyasi rejimin dəyişdirilməsi və Vaşinqton üçün daha uyğun, idarəolunan bir sistemin formalaşdırılması kimi qiymətləndirilir. Hazırda İran ətrafında baş verən hadisələr də bu uzunmüddətli strateji yanaşmanın tərkib hissəsi kimi təqdim olunur".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.
Qeyd edək ki, ABŞ və İran arasında münasibətlərdə son dövrlərdə nisbi yumşalma meyilləri müşahidə olunur. Bu tendensiya xüsusilə iqtisadi məhdudiyyətlərin qismən aradan qaldırılması ilə bağlı verilən siqnallar fonunda daha aydın şəkildə özünü göstərir və tərəflər arasında dialoqun bərpası ehtimalını gücləndirir. ABŞ Prezidenti Donald Tramp açıqlamasında Vaşinqtonun Tehranla tariflər və sanksiyaların yumşaldılması məsələsini müzakirə etdiyini bildirib. Onun “Truth Social” platformasında səsləndirdiyi fikirlərdən belə qənaət hasil olur ki, tərəflər arasında aparılan danışıqlarda müəyyən irəliləyiş əldə olunub və bir sıra məsələlər üzrə ilkin razılaşmalar formalaşmaqdadır.
Siyasi şərhçi qeyd edib ki, bununla belə, hazırkı mərhələdə ABŞ Prezidenti Donald Tramp administrasiyasının İrana qarşı daha sərt və aqressiv mövqe nümayiş etdirdiyi müşahidə olunur.
"Bəzi yanaşmalarda bu sərt kursun müxtəlif siyasi və lobbi qruplarının təsiri ilə əlaqələndirildiyi iddia olunur. Lakin bu kimi iddialar mübahisəli olmaqla yanaşı, beynəlxalq münasibətlərin mürəkkəb təbiəti fonunda daha geniş və balanslı təhlil tələb edir. Mövcud vəziyyətə hərbi və siyasi müstəvilərdə ayrı-ayrılıqda yanaşdıqda fərqli mənzərə ortaya çıxır. Hərbi baxımdan ABŞ-nin texnoloji və strateji üstünlüyü danılmazdır. Lakin siyasi müstəvidə İranın müqaviməti və regionda baş verən proseslər Vaşinqton üçün əlavə çətinliklər yaradır. Xüsusilə, NATO daxilində fikir ayrılıqlarının artması və Avropa müttəfiqlərinin bəzi hallarda ABŞ siyasətinə tənqidi yanaşması bu prosesin mürəkkəbliyini artırır. Eyni zamanda, ABŞ daxilində də administrasiyanın İran siyasətinə qarşı narazılıqların mövcud olduğu qeyd edilir. Bununla yanaşı, ABŞ-da siyasi qərarların qəbulunda ABŞ Konqresi mühüm rol oynayır. Uzunmüddətli hərbi əməliyyatların davam etdirilməsi üçün Konqresin razılığı vacibdir və bu faktor administrasiyanın manevr imkanlarını məhdudlaşdıra bilər. Qarşıdan gələn aralıq seçkilər də siyasi qərarların tonuna təsir edən əsas amillərdən biridir. Hazırkı şəraitdə Vaşinqtonun mümkün strategiyalarından biri münaqişəni tam həll etmək deyil, onu müəyyən mərhələdə “dondurmaq” və daxili auditoriyaya siyasi uğur kimi təqdim etmək ola bilər. Bu isə atəşkəs və danışıqların daha çox taktiki xarakter daşıdığını göstərir. Digər tərəfdən, İranın regional siyasətdə rolu yalnız ABŞ-la münasibətlərlə məhdudlaşmır. Bu ölkə həm Çin, həm də Rusiya ilə iqtisadi və siyasi əlaqələr fonunda qlobal güc balansında mühüm yer tutur. Enerji resursları və coğrafi mövqeyi səbəbindən İranın bu güclər üçün əhəmiyyəti daha da artır. Eyni zamanda, Yaxın Şərqdə gərginliyin artması qlobal iqtisadiyyata da ciddi təsir göstərir. Enerji qiymətlərinin yüksəlməsi dünya bazarlarında inflyasiya riskini artırır və xüsusilə inkişaf etməkdə olan ölkələr üçün əlavə iqtisadi təzyiq yaradır. Nəticə etibarilə, İran ətrafında baş verən hadisələrdə nə tam qalib, nə də məğlub tərəf mövcuddur. Münaqişə həm regional, həm də qlobal səviyyədə çoxşaxəli təsirlər doğurur. Uzunmüddətli atəşkəsin əldə olunması isə yalnız tərəflər üçün deyil, ümumilikdə beynəlxalq sabitlik və dünya iqtisadiyyatı baxımından mühüm əhəmiyyət kəsb edir".
Rəfiqə Namazəliyeva,
AzNews.az