"Son illərdə təhsil sistemində rəqəmsallaşma həqiqətən də nəzərəçarpacaq dərəcədə sürətlənib və bu, artıq sadəcə “texnoloji yenilik” deyil, idarəetmənin və tədrisin ayrılmaz hissəsinə çevrilməkdədir. Azərbaycanda da elektron jurnal, müxtəlif onlayn platformalar və rəqəmsal idarəetmə alətlərinin tətbiqi ümumilikdə müsbət dinamika göstərir. Xüsusilə məlumatların daha sistemli toplanması, valideynlərin prosesə daha asan qoşulması və qərarvermə üçün analitik imkanların yaranması bu sahədə irəliləyişin göstəricisidir. Amma səmimi desək, bu proses hələ tam oturuşmuş və hər kəs üçün eyni dərəcədə effektiv olan bir mərhələdə deyil. Dünya təcrübəsinə baxanda görürük ki, rəqəmsallaşmanın uğuru təkcə platformaların mövcudluğu ilə ölçülmür. Məsələn, Estoniya və ya Finlandiya kimi ölkələrdə əsas diqqət texnologiyanın özündən çox onun pedaqoji inteqrasiyasına, müəllimlərin hazırlığına və istifadəçi rahatlığına yönəlib. Bizdə isə bəzən alət var, amma onun istifadəsi ya əlavə yük kimi qəbul olunur, ya da funksiyalarından tam istifadə edilmir".
Bu fikirləri Aznews.az-a açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova deyib.
Qeyd edək ki, təhsil sistemində rəqəmsallaşma prosesi son illərdə sürətlənərək yeni imkanlarla yanaşı, bir sıra çağırışları da gündəmə gətirib. Elektron jurnal, onlayn platformalar və rəqəmsal idarəetmə alətləri təhsilin daha əlçatan və şəffaf olmasına xidmət etsə də, bu transformasiyanın keyfiyyətə real təsiri, regionlar üzrə bərabər tətbiqi və istifadəçi məmnunluğu kimi məsələlər hələ də müzakirə mövzusudur. Bu baxımdan, ictimai nəzarət mexanizmlərinin rolu və rəqəmsal təhsilin effektivliyinin qiymətləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
G. Əkbərova bildirib ki, bu məsələdə regionlar arasında fərqlər açıq şəkildə müşahidə olunur.
"Paytaxt və böyük şəhərlərdə rəqəmsal alətlərdən istifadə daha aktivdirsə, bəzi bölgələrdə texniki imkanlar, internet keyfiyyəti və ya istifadə bacarıqları hələ də məhdudiyyət yaradır. Bu isə rəqəmsallaşmanın əsas prinsiplərindən biri olan bərabər çıxış imkanını tam təmin etməyə mane olur. Şəffaflıq məsələsinə gəldikdə isə, bəli, müəyyən müsbət dəyişikliklər var. Elektron jurnal və onlayn sistemlər qiymətləndirmə və davamiyyətlə bağlı məlumatların daha açıq və izlənilə bilən olmasına şərait yaradır. Valideynlər artıq daha operativ məlumat alır, məktəb rəhbərliyi isə prosesi daha yaxından izləyə bilir. Amma şəffaflıq təkcə məlumatın sistemdə olması demək deyil. Əgər həmin məlumat aydın, düzgün və vaxtında daxil edilmirsə və ya istifadəçi üçün rahat başa düşülmürsə, o zaman bu şəffaflıq formal xarakter daşıyır. Məncə, növbəti mərhələdə diqqət iki əsas istiqamətə yönəlməlidir: birincisi, müəllim və idarəedicilər üçün davamlı rəqəmsal bacarıqların inkişafı, ikincisi isə istifadəçi mərkəzli yanaşmanın gücləndirilməsi. Yəni sistemlər “sadəcə işləməli” deyil, həm də rahat, intuitiv və real ehtiyaclara cavab verən olmalıdır.
İctimai nəzarət də burada çox vacibdir. Çünki rəqəmsallaşma yalnız yuxarıdan tətbiq olunan bir mexanizm kimi yox, istifadəçilərin – müəllimlərin, valideynlərin və şagirdlərin geri bildirimləri ilə formalaşan canlı bir proses kimi inkişaf etməlidir. Əks halda, texnologiya məqsədə yox, sadəcə formaya xidmət etmiş olur.
Ümumilikdə desək, biz doğru istiqamətdə irəliləyirik, amma indi əsas məsələ sürəti yox, keyfiyyəti və davamlılığı təmin etməkdir. Rəqəmsallaşma yalnız tətbiq olunanda yox, düzgün istifadə olunanda dəyər yaradır".
Rəfiqə Namazəliyeva,
AzNews.az