"Özəl və dövlət universitetləri arasında fərq şərtidir" – Məzahir Məmmədli

9 Aprel 2026 21:33 (UTC+04:00)

"Ümumiyyətlə, Azərbaycanda özəl ali təhsil müəssisələri ilə bağlı fikir birliyi mövcud deyil. Baxmayaraq ki, ölkədə nümunə göstərilə biləcək özəl ali təhsil müəssisələri də var, adlarını çəkməmək üçün ümumiləşdirərək deyə bilərik. Amma bütün hallarda ali təhsil müəssisələri arasında dövlət və özəl müqayisəsi aparılarkən müəyyən fərqlər ortaya çıxır. Məsələn, elə dövlət ali təhsil müəssisələri var ki, onların maddi-texniki bazası bəzi özəl universitetlərin laboratoriyaları və digər imkanları ilə müqayisədə geri qala bilər. Azərbaycan cəmiyyətində belə bir fikir formalaşıb ki, özəl ali təhsil müəssisəsini bitirən məzunun əmək bazarında yeri necə olacaq, bu diplom ona hər hansı məhdudiyyət yaradacaqmı və ya iş tapmaqda çətinlik çəkəcəkmi və s. Lakin nəzərə çatdırım ki, ali təhsil müəssisələri ilə bağlı Nazirlər Kabinetinin bütün qərarları və təlimatlarına əsasən, diplom əldə etdikdən sonra hər kəs üçün eyni hüquqlar təmin olunur. Sadəcə, hazırda səsləndirilən bəzi fikirlərin, xüsusilə pedaqoji kadrlarla bağlı narahatlıqların səbəbi başqa amillərlə əlaqəlidir".

Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.

Qeyd edək ki, sosial şəbəkələrdə özəl ali təhsil müəssisələrində pedaqoji ixtisasların hazırlanma sisteminin yenidən nəzərdən keçirilməsi təklifi geniş müzakirə olunur. Müzakirələrdə qeyd olunur ki, bu sahəyə daha sərt tənzimləmələrin tətbiqi və ya bəzi proqramların optimallaşdırılması pedaqoji hazırlığın keyfiyyətini yüksəldə bilər. Nəticədə isə müəllimlərin işə qəbulu (MİQ) və sertifikasiya imtahanlarında daha yüksək nəticələrin əldə olunması mümkün ola bilər.

Ekspert qeyd edib ki, ali təhsil müəssisəsini bitirən hər bir şəxs, xüsusilə pedaqoji ixtisas sahibləri müəllimlərin işə qəbulu imtahanında iştirak edirlər.

"Bu isə artıq bazarda fərqləndirici əsas mərhələdir — istər dövlət, istər özəl universitet məzunu olsun. Əgər müəllimlərin işə qəbulu imtahanında müvəffəq nəticə əldə olunmursa, əmək bazarında işlə təminat da mümkün olmur. Ona görə də bu məsələni yalnız “özəl və dövlət” bölgüsü ilə izah etmək bir qədər yanlış yanaşmadır. Bununla belə, özəl ali təhsil müəssisələrinin bəzilərində tədrisin səviyyəsi o qədər də ürəkaçan deyil. Onların akkreditasiya tələblərinə uyğunluq məsələsində də müəyyən suallar var, eyni zamanda tələbə sayı və yerləşmə kimi məsələlər də bəzən müzakirə mövzusuna çevrilir. Hətta bəzi hallarda magistratura səviyyəsində təklif olunan proqramların keyfiyyəti də sual doğura bilər. Ümumilikdə isə Azərbaycanda dövlət və özəl sektor arasında münasibət hər zaman ikili yanaşma ilə müşahidə olunub və bu tendensiya bu gün də davam edir".

Rəfiqə Namazəliyeva,

AzNews.az