Kuba Prezidenti: "ABŞ-nin Kubadan nəsə tələb etməyə haqqı yoxdur"

10 Aprel 2026 12:56 (UTC+04:00)

Kuba Prezidenti Migel Diaz-Kanel Amerikanın NBC News telekanalının "Meet the Press" proqramında çıxış edib.

İstefa sualına sərt reaksiya

Aparıcının "Kubanı xilas etmək mənasına gələcəksə, istefa verməyə hazırsınızmı?" sualına Diaz-Kanel, "Bu sual sizdən gəlir, yoxsa ABŞ hökumətinin Dövlət Departamentindən?" sualı ilə cavab verib.

Vəzifəsindən istefa verməyəcəyini bildirən Diaz-Kanel, "Biz azad və suveren bir dövlətə sahibik" deyərək, prezidentlik postunu şəxsi ambisiyaları üçün deyil, xalqın verdiyi mandatla tutduğunu vurğulayıb. O, həmçinin əlavə edib: "Əgər Kuba xalqı mənim bu vəzifəyə uyğun olmadığımı, prezidentlik fəaliyyətimi davam etdirməməli olduğumu düşünsə, onlara cavab verəcəyəm".

"ABŞ-nin tələb irəli sürmək haqqı yoxdur"

Vaşinqton administrasiyasının Havana rəhbərliyinə qarşı "düşmən siyasəti" yürütdüyünü qeyd edən Kuba lideri, "ABŞ hökumətinin Kubadan hər hansı bir şey tələb etməyə haqqı yoxdur" deyə bildirib. Müsahibənin tam variantının həftəsonu yayımlanması planlaşdırılır.

ABŞ-ın Kubaya neft embarqosu

ABŞ Prezidenti Donald Tramp yanvarın 30-da Kubaya neft satan və ya tədarük edən ölkələrdən gələn bütün mallara gömrük rüsumlarının tətbiq edilməsini nəzərdə tutan prezident fərmanını imzalayıb. Ağ Ev bu qərarın Kubanın "zərərli hərəkət və siyasətlərinə" qarşı ABŞ-ın milli təhlükəsizlik və xarici siyasət maraqlarını qorumaq məqsədi daşıdığını müdafiə edib.

Tramp fevralın 1-də Kuba rəhbərliyi ilə neft tədarükünün tənzimlənməsi mövzusunda danışıqların başladığını elan etsə də, Kuba tərəfi bu məlumatı təkzib etmişdi. Hökumət xaricdən neft idxalı olmadan fəaliyyətini davam etdirə bilmək üçün "fövqəladə vəziyyət paketi"ni işə salıb.

Mövsüm

AzNews.az