M= V+İ. Bu düstura görə, İran savaşda məğlub olub

10 Aprel 2026 13:59 (UTC+04:00)

ABŞ rəsmi səviyyədə deyir ki, İran savaşında zəfər qazanıb.

İran da rəsmi səviyyədə iddia edir ki, qələbə ona məxsusdur.

Bir müharibənin iki qalibi ola bilməyəcəyinə görə, biri, yaxud hər hər ikisi yalan danışır.

Savaşda qələbə elə mürəkkəb məfhumdur ki, onu dərhal, aydın və qəti müəyyən etmək çətindir. Xüsusilə müasir müharibələrdə qələbə ilə bağlı hərbi ədəbiyyatda aydın mövqe yoxdur. Lakin bəzi düsturlar var ki, onu tətbiq edərək kimin qalib, kimin məğlub olmasını müəyyən etmək olur.

İndi J. Bun Bartolomisin "Qələbə nəzəriyyəsi" adlı 2008-ci ildə dərc olunmuş məqaləsində yer alan bu düsturlardan birini Azərbaycan terminologiyasına uyğunlaşdıraraq (orijinalda: R = M x W) təqdim edirəm.

M= V+İ

M- Müqavimət gücü
V- Vasitələr
İ- İradə.

Qələbədən o zaman danışmaq olar ki, müqavimət gücü 0-a yaxınlaşsın.

İradə: Trampın verdiyi ultimatum qarşısında vaxtın bitməsinə bir neçə saat qalmış İran Hürmüz boğazını açmağa, atəşkəslə razılaşmağa və danışıqlara razı oldu. Bu, İran tərəfinin iradəsinin sındırılmasının açıq göstəricisidir və bu barədə mübahisə edən kəsin rasional düşüncə ilə bir əlaqəsi yoxdur.

Vasitələr: Müharibədə qalib gəlməyin ənənəvi konsepsiyası düşmənin müqavimət vasitələrinin azaldılmasına əsaslanır. Bu isə adətən düşmənin hərbi qüvvələrinin məhv edilməsi və ya neytrallaşdırılması, yaxud onların effektivsiz hala düşənədək tədricən zəiflədilməsi (attrisiya) yolu ilə həyata keçirilir.

Əgər İranın hava məkanında ABŞ təyyarələri az qala sərbəst hərəkət edirlərsə, 15 mindən çox hədəf darmadağın edilibsə, qərar qəbul etmə və icra mexanizmi böyük ölçüdə sıradan çıxarılıbsa, Tehran rejimi digər hərbi hədəflərin vurulmasının qarşısını "canlı qalxan"la almaqdan başqa çarə görmürsə, İranın döyüş vasitələrinin tükənmə ərəfəsində olduğu aydındır.

Müqavimət gücü zəifləyəndə nə baş verir?

Tərəflərdən biri elə vəziyyətə düşür ki, digər silahlı qüvvələr öz iradəsini ona qəbul etdirə bilir.

Gəlinən bu nöqtədə kimsə İranın ABŞ və İsrailə öz iradəsini qəbul etdirə biləcəyini düşünürsə, o adam təxəyyülündə problem var.

Tam əksinə, şərtləri diktə edən Birləşmiş Ştatlardır, Trampdır. Kim istəyirsə, Nigeriyadan yayılmış saxta "10 maddəlik İran şərtləri"nə inana bilər, əlbəttə. Amma gerçəklik odur ki, masaya qoyulan paket ABŞ-nin 15 bəndlik şərtnaməsidir. İranın ictimaiyyətə açıqlanmayan 10 maddəlik cavabı isə qəbul olunmayıb, lakin "aşırı" olmadığı üçün Tramp tərəfindən "baxıla bilər" qeydi ilə qarşılanıb.

Bütün bunlardan çıxan nəticə budur ki, İranın döyüş vasitələri iflic olub, iradəsi sındırılıb, müqavimət gücü ortadan qalxıb. Yəni, Tramp, daha əvvəl dediyimiz kimi, kəməndi salıb İran rejiminin başına və öz istədiyi yerə sürüyür.

Taleh ŞAHSUVARLI