“Sülh Körpüsü” təşəbbüsünün erməni koordinatoru: Bu gün dördüncü görüşün keçirilməsi böyük nəticədir

11 Aprel 2026 16:16 (UTC+04:00)

Azərbaycan sərhədinin delimitasiya və demarkasiya olunmuş hissəsindən keçid, sülhün nə dərəcədə real olduğunu və Vaşinqtonda, daha əvvəl isə Abu-Dabidə liderlərimizin görüşündə razılaşdırılmış sülh prosesinin həyata keçirilməsinin nə qədər mümkün olduğunu göstərən mühüm simvolik addımdır.

Aznews.az xəbər verir ki, bunu “Sülh Körpüsü” təşəbbüsünün koordinatoru, Ermənistan Şurasının prezidenti Areq Koçinyan, təşəbbüs çərçivəsində Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətindən olan ekspertlərin görüşünə dair keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, “Sülh körpüsü” təşəbbüsünün məqsədi vətəndaş cəmiyyəti nümayəndələri, ekspertlər və media arasında əlaqə və dialoqu təşviq etməkdir.

“Bu təşəbbüsün iki əsas məqsədi var.

Birincisi — Ermənistan və Azərbaycanda 30 ildən çox davam edən münaqişədən sonra cəmiyyətləri sülhə hazırlamaqdır. Bu, çox vacibdir.

İkincisi isə — bu platforma ekspertlərə dövlət səviyyəsində aparılan danışıqlarda hələ müzakirə olunmayan yeni ideyalar və suallar irəli sürmək imkanı verir, tərəflərin bu ideyalara reaksiyasını yoxlamağa şərait yaradır. Bəzən bu məsələlər rəsmi danışıqlara da daxil edilir.

Bu gün “Sülh körpüsü” təşəbbüsünün dördüncü görüşünün keçirilməsi artıq özü böyük nəticədir. Başlanğıcda çoxlu tənqidlər və şübhələr var idi — bu təşəbbüsün davam edib-etməyəcəyi, institusional xarakter alıb-almayacağı barədə. Amma artıq dördüncü görüş keçirilir və bu, həmin tənqidlərin əsassız olduğunu göstərir.

Bununla yanaşı, təşəbbüs müəyyən normallaşma səviyyəsinə çatıb. Qarşılıqlı səfərlər, əlaqələr və cəmiyyətlərlə aparılan işlər artıq adi hala çevrilir.

Ermənistanlı ekspertin Azərbaycanda və ya azərbaycanlı ekspertin Ermənistanda olması qeyri-adi deyil, normal qəbul olunur. Bu da mühüm amildir.

Biz yaxın gələcəkdə bir sıra yeni təşəbbüslər barədə də razılığa gəldik — məqalələr, araşdırmalar, birgə tədbirlər kimi fəaliyyətlər əməkdaşlığımızın əlavə məhsulları olacaq”,- Koçinyan qeyd edib.