ABŞ və İran arasındakı İslamabad görüşlərində nəticə əldə olunmayıb. ABŞ nümayəndə heyətinə rəhbərlik edən vitse prezident DJ Vens artıq Vaşinqtona qayıdıb.
İlkin informasiyalara əsasən İran ABŞ-nin zənginləşdirilmiş uranı təhvil vermək, proksi qüvvələrlə əlaqəni kəsmək, Hürmüz boğazı ilə bağlı şərtlərini qəbul etməyib. Tehran bu şərtləri "həddən artıq ağır" təslim aktı kimi qəbul edir, ona görə də müqavimət göstərməyi üstün tutur. Çünki Tehran fərqindədir ki, bu şərtlər altında bağlanan müqavilə klerikal rejimin sonu deməkdir. Odur ki, rejimin davamlılığına təminat verən şərtlər altında sövdələşmə istəyir, bu isə, mümkünsüzdür. Məsələn, ABŞ üçün uranın İrandan götürülməsi, yaxud İranın proksi qüvvələrinin zərərsizləşdirilməsi müharibənin əsas səbəbləridir və burada güzəştə yer yoxdur. İran teokratları isə təhdid rıçaqlarının əlindən çıxmasını özünə ontoloji risk sayır, belə demək mümkündürsə, İran rejimi olaraq özünü "uran rejimi" kimi identifikasiya edir.
Sırf diplomatik baxımdan tərəflər arasında ciddi etimadsızlıq mövcuddur. Hər iki tərəf bir-birini dəfələrlə "fırıldaq"da ittiham etmişdi. Eyni zamanda, bu tip danışıqlar üçün əvvəlcədən tərəflər arasında xüsusi eksertlər tərəfindən hazırlanan sənədlərin də müzakirəsi lazımdır. Danışıqlar nəticəsiz bitsə də, ekspertlər müzakirələri davam etdirəcəklər. Bu, həm də diplomatik kanalları açıq saxlamaq üçün hər iki cinaha əl verir.
İslamabad görüşünün görünən nəticəsi budur ki, danışıqlarda kompromis yaranmadı.
Tərəflərin mövqeləri sərtləşəcək və münaqişə növbəti- daha riskli mərhələyə keçəcək.
Nələr olacaq? - yəqin ki, ən çox maraq sual budur.
Suala cavab vermək üçün situasiyanın doğurduğu məqsədlərə baxmaq lazımdır.
- Hürmüz boğazı ABŞ-nin praktiki nəzarətinə keçməlidir; Bunun ilk addımları hərbi gəmilərin körfəzə girişi ilə təmin olunub.
- Açıq savaşda ABŞ-la üz-üzə gəlməyə taqəti qalmayan İranın qızışdıra biləcəyi proksi qüvvələrə zərbələr endirilməlidir;
- Nüvə obyektləri nəzarətdə saxlanılmalı və bu obyektlərə yeni zərbələr endirilməli;
- SEPAH rəhbərlərinə qarşı əməliyyatlar keçirilməlidir;
- ABŞ havadan və sudan quruya əməliyyatları ilə Hark adasını ələ keçirərək İranın əsas iqtisadi gücünü əlinə almalıdır;
Yəqin ki, bütün bunlar "yeni müharibə" formatında yox, daha “nə sülh, nə müharibə” rejiminin şiddət maksimumu çərçivəsində baş verəcək.
Bəs, bu atəşkəs ABŞ-ə nə verdi?
Hürmüz boğazında toplanan gəmilər və gəmilərdəki şəxsi heyət bölgəni tərk etdi. Nəticədə ABŞ daha rahat hərbi manevrlər edəcək.
Nəhayət, yenə o fikrimdə qalıram ki, bu, klassik işğal müharibəsi deyil, bayraq sancma faktı yox, proses yaratmaq və sonda İranı nüfuz dairəsinə almaq savaşıdır.
Bu proses uzun çəkməyəcək, İran isə artıq ABŞ-nin nüfuz dairəsindədir.
Taleh ŞAHSUVARLI