Dünyanın diqqəti İslamabada yönələrkən, Tramp qəfəs döyüşünü izlədi

13 Aprel 2026 11:45 (UTC+04:00)

ABŞ-nin vitse-prezidenti Cey Di Vens İranla aparılan danışıqlardan nəticə əldə olunmadığını açıqladığı saatlarda, ABŞ prezidenti Donald Trampın Floridada keçirilən qəfəs döyüşü (UFC) tədbirində iştirak etməsi diqqət çəkib.

Dünya ictimaiyyətinin yaxından izlədiyi proses çərçivəsində ABŞ ilə İran arasında 1979-cu ildən bəri ilk birbaşa danışıqlar İslamabadda baş tutsa da, 21 saat davam edən kritik görüşlər nəticəsiz yekunlaşıb.

Danışıqlar zamanı Hörmüz Boğazının statusu, İranın nüvə proqramı, müharibə təzminatları, sanksiyaların ləğvi və münaqişənin dayandırılması kimi əsas məsələlər müzakirə olunub. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, bir sıra istiqamətlərdə yaxınlaşma əldə olunsa da, iki mühüm məsələ üzrə ciddi fikir ayrılıqları qalır.

Danışıqların nəticəsiz qalmasından sonra ABŞ nümayəndə heyəti İslamabaddan ayrılıb. İran tərəfi isə hələlik yeni görüşün planlaşdırılmadığını açıqlayıb. Beləliklə, böyük ümidlərlə başlayan diplomatik proses ilk mərhələdə dalana dirənib.

Görüşlərdən dərhal sonra Donald Trampın Floridada UFC tədbirində görüntülənməsi beynəlxalq ictimaiyyətdə müxtəlif reaksiyalara səbəb olub.

Məlumata görə, danışıqları çıxmaza salan əsas məsələlərdən biri Hürmüz Boğazının gələcək statusu, digəri isə İranın nüvə materiallarının ölkə xaricinə çıxarılması ilə bağlı olub. Vaşinqton Tehrandan nüvə silahı hazırlamamaq barədə uzunmüddətli və konkret öhdəlik tələb edərkən, İran bu tələbləri “həddindən artıq” hesab edərək sanksiyaların aradan qaldırılması və təhlükəsizlik zəmanətləri istəyib.

Prosesdə vasitəçi rolunu üzərinə götürən Pakistan tərəfi isə gərginliyin artmaması üçün çağırış edib. Pakistanın xarici işlər naziri İshaq Dar tərəfləri atəşkəsə sadiq qalmağa dəvət edib və dialoqun davam etdirilməsi istiqamətində səylərin sürəcəyini vurğulayıb.

Mövsüm,

AzNews.az