Litva Baş naziri: Azərbaycanı müxtəlif regionları birləşdirən mühüm tərəfdaş kimi görürük - MÜSAHİBƏ

13 Aprel 2026 14:47 (UTC+04:00)

AzNews.az Litva Respublikasının Baş naziri İnqa Ruqinienenin APA-ya müsahibəsini təqdim edir.

Litva Avropa İttifaqını Azərbaycanla iqtisadi əməkdaşlığı daha da genişləndirməyə təşviq edir

- Xanım Baş nazir, Cənubi Qafqazda regional bağlantı layihələrinin irəlilədilməsində Avropa İttifaqının maliyyə və ya texniki dəstəyinin artırılması potensialını necə görürürsünüz?

- Litva Cənubi Qafqazda regional əlaqələri və iqtisadi əməkdaşlığı gücləndirən təşəbbüslərə müsbət yanaşır. Eyni zamanda, bizim yanaşmamız daha genişdir – biz yalnız ayrı-ayrı infrastruktur layihələrini deyil, həm də Azərbaycanla praktik iqtisadi əlaqələrin ümumi inkişafını dəstəkləyirik. Azərbaycanı müxtəlif regionları birləşdirən mühüm tərəfdaş kimi görürük. Litva Avropa İttifaqını nəqliyyat, logistika və enerji sahələrində Azərbaycanla iqtisadi əməkdaşlığı daha da genişləndirməyə təşviq edir. Aİ maliyyə alətləri, texniki mütəxəssislik və normativ uyğunlaşdırma vasitəsilə töhfə verə bilər və bununla layihələrin dayanıqlı və etibarlı olmasına kömək edə bilər. Biz regional konnektivliyin inkişaf etdirilməsində, xüsusilə də daha geniş iqtisadi dayanıqlılıq və şaxələndirməyə töhfə verdiyi hallarda, Aİ-nin iştirakının artırılması üçün potensial görürük.

Avropa İttifaqı da daxil olmaqla, bütün tərəfdaşlar uzunmüddətli sabitliyin qorunmasına töhfə verməlidirlər

- Rəsmi Vilnüs Azərbaycan və Ermənistan arasında normallaşma prosesində hazırkı irəliləyişi necə qiymətləndirir?

- Litva son dövrlərdə əldə olunan irəliləyişi müsbət qiymətləndirir və Azərbaycanla Ermənistanın ABŞ-ın dəstəyi və Prezident Donald Trampın liderliyi ilə sülh sazişinin paraflanmasına nail olmasını alqışlayır. Bu, bütün region üçün mühüm bir addımdır. Əsas prioritet indi bu sülhün davamlı olmasını təmin etməkdir. Biz hesab edirik ki, Avropa İttifaqı da daxil olmaqla, bütün tərəfdaşlar uzunmüddətli sabitliyin qorunmasına töhfə verməlidirlər. Litva dialoqun təşviqi, etimadın qurulması və praktiki əməkdaşlıq vasitəsilə həm ikitərəfli əsasda, həm də Aİ çərçivəsində bu prosesi dəstəkləməyə hazırdır.

Litva Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığı vacib hesab edir

- Avropa İttifaqı ilə Azərbaycan arasında mövcud əməkdaşlıq səviyyəsini necə qiymətləndirirsiniz? Azərbaycanın Aİ-nin enerji diversifikasiyası strategiyasında rolu daha da gücləndirilə bilərmi?

- Litva Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığı vacib hesab edir və burada hələ də reallaşdırılmamış böyük potensialın olduğunu düşünür. Biz inanırıq ki, bu tərəfdaşlıq enerji, nəqliyyat, ticarət, innovasiya və “yaşıl keçid” də daxil olmaqla, müxtəlif sahələrdə daha da genişləndirilə bilər. Azərbaycan artıq Avropa İttifaqının enerji diversifikasiya strategiyasında mühüm rol oynayır. Mövcud geosiyasi şəraitdə etibarlı və şaxələndirilmiş enerji təchizatı Avropa üçün strateji əhəmiyyət daşıyır.

Gələcəyə baxdıqda, biz bu tərəfdaşlığın təkcə ənənəvi enerji sektorlarında yox, həm də “yaşıl enerji”, texnoloji əməkdaşlıq və infrastrukturun inkişafı sahələrində gücləndirilməsi üçün imkanlar görürük. Məqsədimiz daha şaxələndirilmiş, dayanıqlı və qarşılıqlı faydalı bir tərəfdaşlıq qurmaqdır.

Litva Yaxın Şərqdə baş verən prosesləri diqqətlə izləyir

- Yaxın Şərqdəki mövcud vəziyyət, xüsusilə ABŞ-la İsrailin İranla müharibəsi Litvaya və ümumilikdə Avropa İttifaqına hansı təsirləri göstərib?

- Litva Yaxın Şərqdə baş verən prosesləri diqqətlə izləyir və mövcud vəziyyəti beynəlxalq sabitlik üçün ciddi bir çağırış kimi qiymətləndirir. Ümid edirik ki, İranın iştirak etdiyi münaqişə mümkün qədər tez bir zamanda siyasi və diplomatik yollarla həll olunacaq. Bu cür münaqişələr enerji bazarları, təchizat zəncirləri və investisiya mühiti daxil olmaqla qlobal iqtisadiyyata birbaşa təsir göstərir. Bu isə qaçılmaz olaraq Litva da daxil olmaqla, Avropa İttifaqına təsir edir. Buna görə də biz gərginliyin tez bir zamanda azaldılmasında və davamlı sülhün əldə olunmasında maraqlıyıq.

Aznews.az