Dünyanı təhdid edən bir xəstəlik olan KOAH-dan ehtiyatlı olun! Mütəxəssislər insanları siqareti tərgitməyə çağırır

13 Aprel 2026 16:50 (UTC+04:00)

Marmara Universiteti Pendik Təhsil və Araşdırma Xəstəxanasının döş qəfəsi xəstəlikləri klinikasından professor doktor Sait Karakurt cəmiyyətdə geniş yayılan və dünyada ən çox ölümə səbəb olan xəstəliklər arasında 4-cü yeri tutan Xroniki Obstruktiv Ağciyər Xəstəliyi (KOAH) və sətəlcəm barədə mühüm xəbərdarlıqlar edib.

Karakurt bildirib ki, KOAH hallarının böyük əksəriyyəti siqaret istifadəsi ilə bağlıdır və bu xəstəlik əslində qarşısı alına bilən xəstəlikdir. Onun sözlərinə görə, xəstələrin təxminən 85 faizi siqaret çəkənlərdir və siqareti tərgitmək xəstəliyin yaranmasının qarşısını ala bilər. Hava çirkliliyi, iş mühitində kimyəvi maddələrə məruz qalma və infeksiyalar da KOAH-a səbəb olan əsas amillər sırasındadır.

KOAH-ın ağciyər toxumasını zədələdiyini qeyd edən mütəxəssis vurğulayıb ki, bu səbəbdən xəstələr infeksiyalara daha həssas olur. Sətəlcəm keçirən KOAH xəstələrində öskürək və bəlğəmin artması ilə yanaşı, hərarətin yüksəlməsi, nəfəs darlığının ağırlaşması və şüur pozuntusu kimi daha ciddi əlamətlər də müşahidə oluna bilər.

Karakurt bronxitlə sətəlcəmin fərqləndirilməsinin vacibliyini də qeyd edib. Onun sözlərinə görə, bronxit əsasən tənəffüs yollarının iltihabıdır, sətəlcəm isə ağciyərlərdəki hava kisəciklərinin iltihabıdır və daha təhlükəli hesab olunur. Sətəlcəmdə ölüm riski təxminən 10 faiz civarındadır və yaş artdıqca bu risk daha da yüksəlir.

Mütəxəssis xüsusilə 65 yaşdan yuxarı şəxslər və risk qrupuna daxil olanlar üçün peyvəndin vacibliyini vurğulayıb, erkən diaqnozun həyati əhəmiyyət daşıdığını bildirib. Eyni zamanda, sıx yaşayış şəraiti və aşağı sosial-iqtisadi səviyyənin də sətəlcəm riskini artırdığı qeyd olunub.