Azərbaycan sığortaçılarının investisiya portfelinin dəyəri 6 % azalıb

13 Aprel 2026 17:19 (UTC+04:00)

Bu il yanvarın 1-nə Azərbaycandakı sığorta şirkətlərinin investisiya portfelinin dəyəri ötən il yanvarın 1-i ilə müqayisədə təxminən 6 % və yaxud 93 milyon manat az - 1 milyard 441 milyon manat olub.

Aznews.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının illik "Maliyyə Sabitliyi hesabatı"nda bildirilir.

Sənədə əsasən, Maliyyə Nazirliyinin dövlət qiymətli kağızlarının yeni emissiyasını azaltması sığortaçıların alternativ alətlərdən istifadə etməsinə, o cümlədən repo/əks-repo bazarında vəsait yerləşdirən tərəf kimi aktiv iştirakına şərait yaradıb.

Ümumilikdə, həyat sığorta şirkətlərinin aktivlərinin 67 %-ni, qeyri-həyat sığorta şirkətlərinin aktivlərinin isə 68 %-ni investisiya portfeli təşkil edir. Sığorta şirkətlərinin investisiya aktivləri əsasən dövlət və korporativ qiymətli kağızlardan, eləcə də depozitlərdən ibarətdir. 2025-ci ildə sığorta sektoru investisiya fəaliyyətindən 119,6 milyon manat gəlir əldə edib ki, bu da cəmi gəlirlərin 7,4 %-ni təşkil edib.

Sığorta şirkətlərinin investisiya seçimləri məhdud olsa da, institusional investor kimi potensiallarını reallaşdırmaqdadırlar.