“Yaxın Şərqdə parçalanma artıq açıq geosiyasi riskə çevrilib” – Həşim Səhrablı

13 Aprel 2026 21:31 (UTC+04:00)

"Hazırda Yaxın Şərqdə siyasi parçalanmanın dərinləşdiyini müşahidə etmək mümkündür. İranın Körfəz ölkələrinə və bəzi ərəb dövlətlərinə yönələn addımları bu parçalanmanın açıq göstəricisi kimi qiymətləndirilir. Bu proses təkcə Körfəz ölkələrinin ABŞ və Qərblə iqtisadi-siyasi əməkdaşlığı ilə izah olunmur. Eyni zamanda, regionda dini və ideoloji fərqlər də mühüm rol oynayır. Belə ki, İran əsas etibarilə şiə islam ideologiyasına söykənirsə, ərəb dövlətlərinin əksəriyyəti sünni islam ənənəsinə əsaslanır. Bu faktor tərəfləri fərqli qütblərə ayıran əsas amillərdən biri kimi çıxış edir. Digər tərəfdən, İranın Şərq ölkələri, o cümlədən Rusiya, Çin, müəyyən dərəcədə Pakistan və Hindistanla əlaqələrini gücləndirməsi, Körfəz ölkələrinin isə ABŞ və Qərblə daha sıx münasibətlər qurması regionda geosiyasi fərqləri daha da dərinləşdirir. Beləliklə, qonşu və coğrafi baxımdan yaxın olmalarına baxmayaraq, bu dövlətlər arasında ciddi siyasi və strateji fərqlər mövcuddur. Eyni zamanda tərəflər arasında xüsusilə ərazi və regional təsir məsələlərində ciddi fikir ayrılıqlarının olduğu da qeyd olunmalıdır".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı deyib.

Qeyd edək ki, Yaxın Şərqdə geosiyasi gərginliyin artması fonunda Hörmüz boğazı ətrafında baş verən hadisələr beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə çevrilib. Qlobal enerji tədarükünün mühüm hissəsinin bu strateji keçiddən asılı olması boğazın mümkün bağlanmasını təkcə region ölkələri üçün deyil, ümumilikdə dünya iqtisadiyyatı üçün ciddi risk amilinə çevirir. Davam edən gərginliklər fonunda İran, Qərb və Körfəz ölkələri arasında münasibətlərin daha da kəskinləşməsi yeni geosiyasi qütbləşmələrin formalaşmasına şərait yaradır.

Siyasi şərhçi qeyd edib ki, bütün bu amillər Yaxın Şərqdə siyasi-iqtisadi parçalanmanın göstəricisi kimi çıxış edir.

"Lakin bir reallıq da var ki, indiyə qədər bu cür gərginliklər genişmiqyaslı hərbi qarşıdurmaya çevrilməyib. Hazırkı vəziyyət isə regionu daha təhlükəli mərhələyə, yəni müharibə riskinin artdığı yeni bir mərhələyə daxil edə bilər. Əgər münaqişə genişlənərsə, bu, artıq təkcə siyasi deyil, həm də hərbi baxımdan yeni parçalanma və daha böyük miqyaslı qarşıdurmaların yaranmasına səbəb ola bilər. Belə bir ssenarinin nəticələrini isə indidən dəqiq proqnozlaşdırmaq mümkün deyil. Çünki tərəflərin hər biri həm regional, həm də beynəlxalq güclərin dəstəyinə malikdir və bu faktor müharibə baş verəcəyi təqdirdə qüvvələr nisbətini daha da mürəkkəbləşdirə bilər. Nəticə etibarilə, baş verən proseslər Yaxın Şərqin siyasi xəritəsini dəyişdirə biləcək qədər ciddi eskalasiya riski yaradır. Bu baxımdan, münaqişənin daha da dərinləşməsinin qarşısını almağın yeganə yolu diplomatik həll və gərginliyin azaldılması istiqamətində addımların atılmasıdır. Əks halda, vəziyyətin daha da kəskinləşməsi ciddi və uzunmüddətli fəsadlara yol aça bilər".

Rəfiqə Namazəliyeva,

AzNews.az