Ermənilər təşvişdə: Təbriz faktoru İrəvanı sarsıdır - VİDEO

14 Aprel 2026 17:51 (UTC+04:00)

ABŞ və İran arasındakı savaşın gedişatı ilə bağlı müzakirələrdə üzərində dayanılmayan bir mövzu var.
Bu gün məhz həmin mövzunu gündəmə gətirəcəyik.
Azərbaycanın bir çox dırnaqarası politoloqlarından fərqli olaraq, erməni analitikləri İranın ABŞ qarşısında hədsiz dərəcədə zəiflədiyini və bir dövlət olaraq sıradan çıxmaq ehtimalı ilə üzləşdiyini söyləyirlər.
Bu cür təhlillərdən birini ABŞ-nin Los Anceles şəhərində yerləşən EVN Fondunun analitiki Tiqran Yeqavyan yazıb.
Sitat:

“İran davamlı şəkildə zəiflədikcə, Ermənistanın mövqeyi daha çox təhlükə altına düşür.
KTMT üzvlüyünü faktiki olaraq donduran və Rusiya ilə təhlükəsizlik əlaqələrinin dağılmasına şahid olan İrəvanın indi etibarlı xarici qarantı yoxdur. Ermənistan, tərəfdaşlıqları şaxələndirməyə, silah üçün Fransa, Hindistan və digər ölkələrə üz tutmağa, həmçinin Amerika və Avropa ilə əlaqələrini gücləndirməyə çalışsa da, heç biri İran qədər çəkindirici təsir göstərmir”.

Sitat bitmişkən, icazə verin, Tiqran Yeqavyanın kifayət qədər geniş, eyni zamanda Azərbaycana qarşı tipik erməni qərəzi ilə yazılmış analizininin əsas məğzini nəzərinizə çatdırım.
Məqalədən görünür ki, o, İranın parçalanmasından və “Bütöv Azərbaycan” ideyasının gündəmə gəlməsindən möhkəm əndişə duyur.
Yeqavyanın daha bir əndişəsi isə, Zəngəzur dəhlizi ilə bağlıdır.
O, dəhlizin bu günəcən açılmamasının əsas səbəbkarı kimi İranı görür, ABŞ-nin diqqətinin Yaxın Şərqə yönəlməsini isə Ermənistan üçün risk hesab edir.
Erməni analitiki düşünür ki, əgər Azərbaycan və Ermənistan arasındakı sülh prosesi ABŞ-nin dəstəyini itirərsə və ya
Tramp dəhlizi layihəsi gecikərsə, İranın himayəsi altından çıxmış İrəvan çıxılmaz vəziyyətə düşəcək.
Nəticədə zəif Hayastan gündən-günə güclənən Azərbaycanla qarşı-qarşıya qalacaq.
Erməni ekspert çevrələrinin ABŞ-nin İranı təslimiyyətə sürükləməsindən niyə məyus olduqlarını, zənnimcə, heç bir azərbaycanlıya xüsusi şərh etməyə ehtiyac yoxdur.
Bununla belə, kontr-faktual analiz metodundan istifadə edərək, ABŞ-nin İrana heç hücum etmədiyini, qarşısına heç bir tələb qoymadığını təsəvvürümüzdə canlandıraq.
ABŞ-nin təzyiqi ilə üzləşməmiş İran bəlli bir müddət sonra nüvə silahına malik olacaq, bununla Azərbaycanda “Kərimə dövləti” qurmaq planlarını böyüdəcək, Zəngəzur dəhlizini isə, bloklayacaqdı.
Bölgənin nüvə dövlətinə çevrilmiş İran regioal təhlükəsizlik arxitekturasını öz lehinə dəyişmək üçün
- Ermənistandakı revanşist qüvvələri Azərbaycana yeni hücuma təhrik edəcək,
- Kürd qruplarını Türkiyənin canına salacaq,
- Ukraynanın məğlub olması üçün əlindən gələni əsirgəməyəcəkdi.
Bütün bunlar o deməkdir ki, İran gücləndikcə, Azərbaycan və Türkiyənin geosiyasi meydanı daralır.
Tehran zəiflədikcə isə həm Bakı, həm Ankara, həm də Təbriz güclənir.
Bəli, İran savaşının təkan verəcəyi ən müxtəlif ssenarilər kontekstində Təbrizi seperatçılıq mərkəzi kimi görmək primitiv yanaşmadır və kökündən yanlışdır.
Təbriz ilk növbədə bir koqnitiv faktordur.
Bu faktor həm İran hakimiyyətinin, həm regional akterlərin, həm də qlobal oyunçuların davranışlarını dəyişdirir.
Bu isə o deməkdir ki, Güney Azərbaycanın geopolitik üfüqü İranın parçalanıb-parçalanmayacağı sualından daha genişdir.
Parçalanma isə İrandaxili bir hadisə olmaqdan daha çox, nəhəng, çox nəhəng prosesdir.
Proseslərin təhlili göstərir ki, İranın institutsional erroziyası artıq baş verib.

Növbəti mərhələdə Tehran rejiminin süqutu qaçılmazdır.
Belə bir ortamda Cənubi Qafqazın dinamikası Təbrizin,
Təbrizin dinamikası həm də Cənubi Qafqazın aqibətini anons edən bir növ ağıllı monitordur.
Taleh ŞAHSUVARLI