"İsrail və İran arasındakı gərginlik, şübhəsiz ki, qlobal proseslərə ciddi təsir göstərir. Nəzərə alsaq ki, Hörmüz boğazı ətrafında vəziyyət də gərginləşir və onun bağlanması ehtimalı gündəmə gəlir, bu, dünya iqtisadiyyatına mənfi təsir göstərən əsas amillərdən biridir. İsrail dövlətinin İran ilə yanaşı, Yaxın Şərqdəki bir çox ölkə ilə münasibətlərində ciddi problemlər mövcuddur və əksər ölkələrlə gərginlik müşahidə olunur. Bunun əsas səbəbi İsrailin Fələstin məsələsi, eləcə də ümumilikdə Yaxın Şərqdə həyata keçirdiyi siyasətlə bağlıdır. Xüsusilə son 10 ildə Türkiyə ilə İsrail arasında münasibətlərin gərginləşməsinin əsas səbəbi İsrailin Qəzza zolağında apardığı əməliyyatlardır və xüsusilə 2023-cü ilin oktyabrından başlayan proseslər iki ölkə arasında münasibətləri daha da kəskinləşdirib. Belə ki, Türkiyə İsraili Qəzzada həddən artıq sərt güc tətbiq etməkdə və dinc əhaliyə qarşı faktiki olaraq qətliam törətməkdə ittiham edir. Bundan əlavə, İsrailin Livan və Suriyadakı fəaliyyəti də Türkiyəni narahat edir və Ankara bu məsələlərlə bağlı vaxtaşırı öz mövqeyini açıqlayır. O ki qaldı İsrail-İran münasibətlərinin mümkün normallaşmasından sonra Türkiyənin hansısa addım atıb-atmayacağına, ilk növbədə qeyd etmək lazımdır ki, bu proses uzun zaman tələb edəcək".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Oqtay Qasımov deyib.
Qeyd edək ki, son illərdə Yaxın Şərqdə artan geosiyasi gərginlik fonunda İsrail ilə İran arasında mümkün qarşıdurma ehtimalı region ölkələri üçün ciddi təhlükə mənbəyi kimi qiymətləndirilir. Mütəxəssislərin fikrincə, belə bir ssenari baş verərsə, münaqişənin miqyası genişlənə və təsir dairəsi digər dövlətlərə, o cümlədən Türkiyə istiqamətində də yayıla bilər.
Siyasi şərhçi bildirib ki, müəyyən böyük güclərin İsrail ilə Türkiyə arasında gərginliyin artmasında, hətta hərbi qarşıdurma ehtimalının formalaşmasında maraqlı olduğunu iddia edən yanaşmalar mövcuddur.
"Lakin bu qüvvələrə NATO və Qərb ölkələrini aid etmək düzgün deyil. Çünki Türkiyə NATO üzvüdür və alyans üçün strateji əhəmiyyət daşıyır. Qərb ölkələri də İsraillə münasibətlər baxımından yaxın olduqları üçün bu iki tərəf arasında hərbi qarşıdurmada maraqlı deyillər. Amma İsrail daxilində fərqli ideoloji yanaşmaların mövcudluğu da istisna deyil. Belə yanaşmalara görə, “böyük İsrail” və “vəd olunmuş torpaqlar” ideologiyası bölgədə gərginliyin davam etməsinə səbəb olan amillərdən biri kimi qiymətləndirilir və bu çərçivədə regionda separatizm meyllərinin dəstəklənməsi ilə bağlı iddialar səsləndirilir. Bundan başqa, Türkiyə və İsrail arasında Suriya məsələsi də tərəfləri qarşı-qarşıya gətirən əsas istiqamətlərdən biridir. İsrail rəsmiləri və ekspert dairələrində səsləndirilən bəzi fikirlər, uyğun şərait yaranacağı təqdirdə, Türkiyə ilə hərbi qarşıdurma ehtimalının nəzəri müstəvidə müzakirə olunduğunu göstərir. Bu kontekstdə İsrailin son dövrlərdə Yunanıstan və Yunan Kipri ilə inkişaf etdirdiyi strateji tərəfdaşlıq münasibətləri də diqqət çəkir və bu əməkdaşlığın xüsusilə Kipr məsələsi fonunda yeni geosiyasi dinamika yarada biləcəyi ehtimal olunur. Bununla belə, iki ölkəni birbaşa qarşıdurmaya gətirə biləcək əsas müstəvilərdən biri kimi yenə də Suriya göstərilir, çünki bu ölkə ilə bağlı tərəflərin maraqları ciddi şəkildə fərqlənir. Belə ki, İsrail Suriyanın zəif və parçalanmış vəziyyətdə qalmasında maraqlı olmaqda ittiham olunur və bu çərçivədə ölkənin bəzi ərazilərini nəzarətdə saxladığı, eləcə də müxtəlif etnik və dini qruplar arasında parçalanmanı təşviq etdiyi iddia edilir. Türkiyə isə əksinə, Suriyada ərazi bütövlüyünün qorunmasını və bütün etnik-dini qrupları əhatə edən mərkəzləşmiş idarəetmənin formalaşmasını dəstəkləyir. Nəzəri baxımdan İsrailin bu istiqamətdə təxribat xarakterli addımlar atması mümkün sayılsa da, bunun nəticələrinin necə olacağı və region üçün hansı risklər yaradacağı açıq sual olaraq qalır".
Rəfiqə Namazəliyeva,
AzNews.az