“İkinci cəhdin daha asan olacağı fikri doğru deyil” – Ramin Nurəliyev

15 Aprel 2026 22:16 (UTC+04:00)

"Əslində 22–23 min arasında o qədər də böyük fərq yoxdur. Təxminən 300 nəfər civarında artımdan söhbət gedir. Bu da ehtimal olunur ki, birinci cəhd imtahanında iştirak etməyən, yəni magistraturada oxumağı planlaşdırmayan bəzi şəxslərin ikinci cəhd imtahanına qatılması ilə bağlıdır. Cəmiyyətdə belə bir fikir formalaşıb ki, birinci cəhd imtahanı çətin olarsa, ikinci cəhd daha asan ola bilər. Lakin əslində Dövlət İmtahan Mərkəzinin bu istiqamətdə “tam asan suallar olacaq” kimi bir yanaşması yoxdur. İstər universitetlərə qəbul, istərsə də magistratura imtahanlarında müəyyən strategiya mövcuddur. Sualların asan, orta və çətin səviyyədə hazırlanması balanslı şəkildə həyata keçirilir. Burada əsas müzakirə mövzusu imtahanın nə qədər asan və ya çətin olması deyil, sualların ümumi bölgüsünün necə olacağıdır. Bu da yalnız imtahandan sonra dəqiq qiymətləndirilə bilər".

Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.

Qeyd edək ki, 2026-cı ildə magistraturaya qəbul imtahanının birinci cəhdində 22 777 nəfərin, ikinci cəhdində isə 23 078 nəfərin qeydiyyatdan keçməsi müşahidə olunur ki, bu da ümumi iştirakçı sayında cüzi, lakin müəyyən artım dinamikasının formalaşdığını göstərir. Rəqəmlər arasındakı fərqin böyük olmaması isə prosesin əsasən sabit tendensiya üzrə davam etdiyini, eyni zamanda iştirakçı marağında kəskin dəyişiklik baş vermədiyini deməyə əsas verir.

Ekspert qeyd edib ki, ümumilikdə müsabiqə şərtlərinə uyğun olaraq qeydiyyatdan keçən tələbələrin sayı arzu olunan səviyyədə deyil.

"Plan yerləri nəzərə alınsa, keçən il bu rəqəm təxminən 17–18 min civarında idi. Bu il isə ehtimal olunur ki, bir qədər artaraq 18–19 minə çata bilər. 22–23 min iştirakçı fonunda bu, elə də yüksək rəqəm sayılmır. Təxminən 5–6 min nəfərin müsabiqə şərtlərini ödəməməsi halında vəziyyət bir qədər gərginləşə bilər. Bu isə aşağı ballarla magistratura ixtisaslarına qəbul imkanlarının yaranması deməkdir. Çünki müsabiqə şərtlərini ödəməyənlərin sayı artdıqca, yüksək nəticə göstərənlərin sayı azalır və nəticə etibarilə qəbul şərtləri yumşala bilər. Əgər 17–18 min plan yeri qarşılığında, məsələn, 15–16 min nəfər real olaraq müsabiqə şərtlərini ödəyərsə, bu halda aşağı ballarla qəbul imkanlarının genişlənməsi mümkündür. Bu səbəbdən hazırkı vəziyyət göstərir ki, magistraturaya müraciət edən gənclərin sayı arzu olunan səviyyədə deyil. Bunun isə müxtəlif səbəbləri ola bilər və bu səbəblər ayrıca araşdırılmalıdır. Eyni zamanda magistratura təhsilinə marağın artırılması istiqamətində təbliğat və təşviqat işləri gücləndirilməlidir. Avropa ölkələrində magistratura təhsili daha aktual hesab olunur. Gənclərin əksəriyyəti bakalavriatdan sonra magistratura təhsilinə davam edir və bu, elmi-tədqiqat fəaliyyətinin inkişafına da təkan verir. Bizdə isə bu istiqamətdə arzu olunan dinamika müşahidə olunmur. Bu baxımdan, xüsusilə magistratura mərhələsində müəyyən addımların atılması vacibdir. İlk növbədə imtahan formatında müəyyən dəyişikliklər nəzərdən keçirilə bilər. Daha sonra isə gənclərin magistraturaya təşviqi üçün əlavə mexanizmlər tətbiq oluna bilər. Məsələn, bakalavriat və magistratura təhsili arasında əməkhaqqı fərqinin yaradılması, eləcə də bəzi qurumlarda magistratura məzunlarına daha çox üstünlük verilməsi kimi addımlar bu istiqamətdə marağı artıra bilər. Bu tip güzəştlər və stimullaşdırıcı tədbirlər magistraturaya yönəlişin güclənməsinə səbəb ola bilər".

Rəfiqə Namazəliyeva,

AzNews.az