ABŞ siyasətində İranla bağlı gərginlik fonunda yeni müzakirələr başlayarkən, Senatda azlıq lideri Çak Şumer administrasiyanın hərbi addımlarına qarşı sərt mövqe nümayiş etdirib. Keçirdiyi mətbuat konfransında çıxış edən Şumer, ABŞ və İsrailin İrana qarşı hücumları ilə başlayan prosesi dəyərləndirib.
Şumer ABŞ-nin İrana qarşı hücumlarını tənqid edərək, bu addımların gözlənilən nəticəni vermədiyini bildirib. Demokrat lider əməliyyatı “epik qəzəb addımı yox, epik uğursuzluq” kimi qiymətləndirib və administrasiyanın strategiyasını açıq şəkildə tənqid edib.
Şumer bildirib ki, demokratlar prezidentin hərbi səlahiyyətlərini məhdudlaşdırmağı hədəfləyən “müharibə səlahiyyətləri” qanun layihəsini yenidən gündəmə gətirəcəklər. O, səsvermənin bu həftə keçirilməsi üçün təşəbbüs göstərəcəklərini deyib.
Şumer respublikaçıların layihəni əngəlləyəcəyi halda geri çəkilməyəcəklərini vurğulayaraq qeyd edib:
“Konqres öz vəzifəsini yerinə yetirənə qədər bu məsələni təkrar-təkrar səsverməyə çıxaracağıq.”
Oxşar qanun layihəsi daha əvvəl ABŞ prezidenti Donald Tramp dövründə də gündəmə gətirilmiş, 19 mart tarixində Senatda səsverməyə çıxarılsa da, 47 “lehinə” səsə qarşı 53 “əleyhinə” səslə qəbul edilməmişdi.
1973-cü il tarixli “Müharibə səlahiyyətləri haqqında qanun” ABŞ prezidentinin hərbi əməliyyat qərarlarını Konqres nəzarətinə bağlamağı nəzərdə tutur. Qanuna əsasən, prezident mümkün hərbi müdaxilədən əvvəl Konqresi məlumatlandırmalıdır.
Şumerin çıxışı ABŞ-də icra və qanunverici hakimiyyət arasında səlahiyyət mübahisəsini yenidən alovlandırıb. İrana qarşı hərbi addımların miqyası və legitimliyi yaxın günlərdə Vaşinqtonda ən aktual mövzulardan biri olaraq qalacaq.
Mövsüm
AzNews.az