"Aprelin 14-də ABŞ-də keçirilən İsrail–Livan danışıqları çərçivəsində Hizbullahın tərksilahı ilə bağlı əldə olunan razılaşma Orta Şərqdə təhlükəsizlik arxitekturası baxımından mühüm hadisə kimi nəzərdən keçirilə bilər. Lakin bu qərarın praktik müstəvidə reallaşma ehtimalı bir sıra ciddi siyasi, hərbi və institusional faktorlarla şərtlənir. Mövcud reallıqlar göstərir ki, Hizbullahın tam tərksilah olunması yaxın perspektivdə daha çox nəzəri ssenari kimi qiymətləndirilə bilər. İlk növbədə onu qeyd etmək lazımdır ki, Hizbullah yalnız silahlı qrup deyil, eləcə də Livanın siyasi sisteminə inteqrasiya olunmuş, kompleks təsir mexanizminə malik aktordur. Təşkilat parlamentdə təmsil olunur, sosial xidmətlər şəbəkəsinə malikdir və ölkənin şiə icması arasında ciddi legitimlik qazanıb".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Aytən Qurbanova deyib.
Qeyd edək ki, aprelin 14-də ABŞ-də keçirilən görüş çərçivəsində İsrail və Livan nümayəndə heyətləri regionun ən mürəkkəb və mübahisəli məsələlərindən biri üzrə razılığa gəliblər. Danışıqların yekununda Livanın cənubunda gərginliyin azaldılması məqsədilə “Hizbullah”ın tam tərksilahı prosesinin başlanması barədə qərar qəbul edilib. Bu razılaşma həm regional təhlükəsizlik mühiti, həm də beynəlxalq diplomatik münasibətlər baxımından gözlənilməz və əhəmiyyətli dönüş nöqtəsi kimi qiymətləndirilir.
Siyasi şərhçi qeyd edib ki, məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, onun yalnız hərbi struktur kimi neytrallaşdırılması reallığı tam əks etdirmir.
"Dövlət daxilində dövlət funksiyası yerinə yetirən belə bir qurumun könüllü şəkildə silahsızlaşdırılması üçün daxili konsensus və institusional alternativlər tələb olunur ki, bu da hazırda Livanda müşahidə edilmir. İkinci mühüm məqam isə regional güc balansı ilə bağlıdır. Hizbullah İranın Orta Şərqdə strateji təsir alətlərindən biri hesab olunur. Çünki rəsmi Tehran üçün təşkilatın silahlı potensialı İsrailə qarşı çəkindirici mexanizm rolunu oynayır. Ona görə də, Hizbullahın tərksilahı yalnız Livan daxilində deyil, eyni zamanda İranın regional siyasətində ciddi korrektələr tələb edir. Mövcud geosiyasi gərginlik fonunda isə belə bir dəyişiklik ehtimalı olduqca məhduddur. Üçüncü faktor Livan dövlət institutlarının zəifliyidir. Ölkə uzun illərdir siyasi parçalanma, iqtisadi böhran və idarəetmə problemləri ilə üz-üzədir. Mərkəzi hakimiyyətin ölkə ərazisinə tam nəzarət imkanlarının məhdud olması fonunda qeyri-dövlət silahlı qrupların tərksilahı üçün effektiv mexanizmlərin tətbiqi çətinləşir. Beynəlxalq təcrübə göstərir ki, bu tip proseslər yalnız güclü dövlət institutları və təhlükəsizlik zəmanətləri mövcud olduqda uğur qazana bilər. Digər tərəfdən isə BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsi artıq uzun illərdir Hizbullahın silahsızlaşdırılmasını nəzərdə tutur. Lakin praktik nəticələrin məhdud olması bir daha göstərir ki, normativ-hüquqi qərarların qəbulu ilə onların icrası arasında ciddi fərq mövcuddur. Yeni razılaşmanın da oxşar taleyi yaşamaq ehtimalı istisna edilmir. Bütün bu amillər fonunda belə nəticəyə gəlmək olar ki, Hizbullahın tam tərksilahı yalnız çoxşaxəli və mərhələli yanaşma çərçivəsində mümkün ola bilər. Bu proses Livanda inklüziv siyasi dialoq, iqtisadi sabitliyin bərpası, regional aktorlar arasında gərginliyin azaldılması və beynəlxalq təminat mexanizmlərinin gücləndirilməsi ilə müşayiət olunmalıdır. Əks halda, bu cür təşəbbüslər daha çox siyasi bəyanat səviyyəsində qalacaq".
Rəfiqə Namazəliyeva,
AzNews.az