Bakının Binəqədi rayonunda kişi arvadını qətlə yetirdikdən sonra evi yandırıraq intihar edib.
Aznews.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayıb.
Bildirilib ki, aprelin 17-də saat 12 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə yerləşən fərdi yaşayış evində yanğın baş verib.
Yanğın nəticəsində 1968-ci il təvəllüdlü Rafət Həsənova məxsus ümumi sahəsi 90kv.m. olan birmərtəbəli dördotaqlı evin dam örtüyü 90kv.m., 2 otağının yanar konstruksiyaları 32kv.m. sahədə, bitişik sahəsi 66kv.m. olan talvar və evin həyətində park edilmiş "BMW" markalı minik avtomobili, yaxınlıqda yerləşən 1982-ci il təvəllüdlü Əziz Vəliyevə məxsus ümumi sahəsi 80kv.m. olan birmərtəbəli dördotaqlı evin dam örtüyü 80kv.m. sahədə və 3 otağının yanar konstruksiyaları 46kv.m. sahədə yanıb.
Habelə yanğının kəşfiyyatı zamanı həyətyanı sahədə Rafət Həsənovun, evdə isə 1968-ci il təvəllüdlü Ceyran Həsənovanın meyitləri aşkar olunub.
Prokurorluq əməkdaşları tərəfindən icra olunan ilkin prosessual hərəkətlər nəticəsində Rafət Həsənovun şəxsi münasibətlər zəminində keçmiş arvadı Ceyran Həsənovanı qeyd olunan evdə qəsdən öldürməsi, ardınca həmin evi və həyətdə olan avtomobili yandırması və daha sonra isə həyətyanı sahədə intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.