Jorjoliani: Gürcüstan Azərbaycan və Ermənistan arasında ticarətin inkişafına kömək edəcək

17 Aprel 2026 18:59 (UTC+04:00)

Gürcüstan Azərbaycan və Ermənistan arasında ticarət əlaqələrinin inkişafında mühüm rol oynayıb və oynayacaq.

Aznews.az xəbər verir ki, bu barədə Gürcüstan Hökuməti Administrasiyasının rəhbəri Levan Jorjoliani Antalya Diplomatiya Forumunda "Cənubi Qafqaz: Strateji mərkəzə çevrilmə yolunda" adlı panel sessiyasında bildirib.

"Biz qonşularımız - Azərbaycan və Ermənistan üçün çox şadıq, onlar sülh razılaşması əldə edə bildilər. İndi onlar ticarət münasibətlərini inkişaf etdirirlər və Gürcüstan da bunda əsas rol oynayır və oynayacaqdır. Biz bunu dəstəkləyirdik", - o bildirib.

Onun sözlərinə görə, Cənubi Qafqaz regionuna inkişaf üçün üçtərəfli format lazımdır:

"Məsələn, bir neçə ay əvvəl Azərbaycan, Ermənistan və Gürcüstanın xarici işlər nazirlərinin müavinləri Tbilisidə görüşdülər və müxtəlif məsələləri - ikitərəfli və üçtərəfli əməkdaşlığın müxtəlif aspektlərini müzakirə etdilər. Biz qətiyyətlə inanırıq ki, əgər Cənubi Qafqaz ölkələri, hər üç ölkə, tərəqqi, sabitlik və sülhün qorunması ilə bağlı vahid baxışı bölüşərsə, o zaman xalqlarımız rifah içində yaşayacaqlar".