Tramp marşrutu Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropa arasında yeni strateji bağlantı yaradacaq.
Aznews.az xəbər verir ki, bunu V Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən “Cənubi Qafqaz: Formalaşmaqda olan strateji Mərkəz” panelində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
“Azərbaycan etibarlı tərəfdaş kimi enerji ilə yanaşı, qlobal logistika təchizat xətlərində də mühüm rol oynayır. Son dövrlərdə baş verənlər Orta Dəhlizin əhəmiyyətini bir daha göstərir. Bu dəhliz artıq fəaliyyət göstərən, çoxşaxəli və multimodal bir marşruta çevrilib. Bu marşrutun mühüm komponentlərindən biri də Bakı–Tbilisi–Qars dəmir yoludur. Digər istiqamət isə Vaşinqton sammitindən sonra Ermənistan və ABŞ ilə birlikdə üzərində işlənən “Tramp marşrutu” layihəsidir. Bu layihə Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropa arasında yeni strateji bağlantı yaradacaq. Ümumilikdə biz bunu “dörd dəniz konsepsiyası” kimi qiymətləndiririk. Burada Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi və Adriatik dənizi arasında əlaqələrin qurulması nəzərdə tutulur. Bu çərçivədə regional əməkdaşlıq və tərəfdaşlıq daha da genişlənir, Ermənistan da tranzit ölkə kimi bu prosesə cəlb olunur. Azərbaycanın bu layihədəki bir hissəsi demək olar ki, tamamlanıb və 2026-cı ilin sonuna qədər işlərin yekunlaşdırılması planlaşdırılır. Naxçıvan istiqaməti üzrə isə Avropa tərəfdaşları ilə əməkdaşlıq davam edir, Ermənistan və ABŞ isə müəyyən seqment üzrə ikitərəfli işləyir. Bütün bunların fonunda Cənubi Qafqaz uzunmüddətli perspektivdə qlobal təchizat zəncirlərində və enerji təhlükəsizliyində mühüm rol oynayan regiona çevrilir. Əvvəllər belə forumlarda əsasən münaqişələr və müharibələr müzakirə olunurdusa, indi vəziyyət dəyişib. Bir neçə il əvvəl region bölünmüş, təmas xətləri və müharibələrlə xarakterizə olunurdu. İndi isə real sülh mövcuddur və bu sülh daha da möhkəmləndirilməlidir”, - deyə Hikmət Hacıyev qeyd edib.