Hikmət Hacıyev Ermənistanla normallaşma prosesindən danışıb

17 Aprel 2026 19:15 (UTC+04:00)

Artıq Azərbaycan və Ermənistan arasında ticarət əlaqələri başlayıb.

Aznews.az xəbər verir ki, bunu V Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən “Cənubi Qafqaz: Formalaşmaqda olan strateji Mərkəz” panelində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

“Biz artıq Antalya Diplomatiya Forumuna sülh gündəliyi ilə gəlirik. Regionda artıq əvvəlki kimi müharibə və qarşıdurma yoxdur. Azərbaycan Vaşinqton sammitinin həm məzmununa, həm də ruhuna sadiqdir. Donald Trampın iştirakı ilə Ermənistan–Azərbaycan normallaşma prosesi dəstəklənib və iki ölkə arasında normallaşma sazişi paraflanıb. Biz həm də başa düşürük ki, dövlətlər arasında gözəl sənədlər qəbul oluna bilər, lakin bu sənədlər yalnız kağız üzərində qalmamalıdır. Əsas məsələ praktik addımların atılmasıdır və Azərbaycan bu istiqamətdə konkret addımlar nümayiş etdirib. Biz Ermənistan tərəfi ilə praqmatik qarşılıqlı fəaliyyət quraraq sülh gündəliyini real müstəviyə keçirməyə, onu möhkəmləndirməyə və konkret tədbirlərə çevirməyə çalışırıq ki, bu da iki ölkə arasında etimadın formalaşmasına zəmin yaratsın. Bu kontekstdə birinci istiqamət üzrə irəliləyiş müsbət gedir və biz digər istiqamətlər üzrə də dinamikanı artırmağa çalışırıq. Eyni zamanda, Ermənistan və Azərbaycan arasında ticarət əlaqələri artıq başlayıb. Bu kimi addımlar bir neçə il əvvəl görünməmiş hesab olunurdu, lakin indi bu, reallığa çevrilir”, - Hikmət Hacıyev qeyd edib.