Baş nazirə xəbərdarlıq edildi, yoxsa dəyişiklik anonsu verildi? - Video

18 Aprel 2026 12:23 (UTC+04:00)

Dünən Azərbaycanın Baş naziri Əli Əsədovun mülklərinin siyahısı yayıldı. Azərbaycanın yüksək ranqlı məmurlarının sərvəti haqqında bu cür materiallar ilk dəfə yayımlanmır. Qabaqlar bu qəbildən olan siyahıları xaricdə fəaliyyət göstərən bloqqerlər yayar, ətrafında uzun-uzadı müzakirələr gedər, nəticədə ya mövzu gündəmdən çıxar, ya da ictimai rəy əleyhinə çevrilmiş məmur vəzifəsindən çıxarılardı. Bu dəfə isə ölkənin vəzifəsinə görə ən səlahiyyətli şəxslərindən olan Əli Əsədov elə birbaşa Bakıdan və ölkənin nüfuzlu portallarından birində hədəfə alındı.
Hadisəyə ilkin reaksiyalar maraqlıdır. Bəzi müşahidəçilər hesab edir ki, bu, 70 yaşlı Baş nazirə hansısa səhvinə görə xəbərdarlıqdır. Əli Əsədovun səhvinin nədən ibarət olması haqqında yayımlanan məqalədə belə bir ipucu var. Sitat:
“Əli Əsədov bəzi “sevimli” jurnalistlər vasitəsilə hətta Nazirlər Kabinetinin qapalı iclaslarında müzakirə olunan məsələləri iz azdırmaqla ictimailəşdirir və kimlərisə hədəfə gətirməyə çalışır. Böyük bir vəzifə sahibi heç də düşünmür ki, Azərbaycan balaca ölkədir və kimin nə ilə nəfəs aldığını, nə iş gördüyünü, kiminlə təmasda olduğunu aydınlaşdırmaq üçün elə də böyük qüvvə sərf etməyə ehtiyac yoxdur”.
Lakin müşahidəçilər arasında başqa rəylər də var. Bir müddət öncə maaşı 17 min manata qaldırılmış Baş nazirin məvacibini, “Ədalət” qəzetinin tarixi təbiri ilə desəm, daha Əli Əsədovun almayacağı barədə proqnozlar da səslənir.
Doğrusu, mən heç zaman bu qəbildən olan məsələlərin müzakirəsinə qoşulmamışam. Düşünürəm ki, hansısa məmuru vəzifəsində saxlamaq və ya görəvdən uzaqlaşdırmaq prezidentin müstəsna səlahiyyətidir. Hakim komandada istənilən dəyişiklik üçün dövlət başçısının yetərincə geniş kadr bankı var. Əli Əsədovun yaşını və ölkədəki kadr siyasətinin əsas təmayülünü nəzərə alanda, onun vəzifəsini kifayət qədər uğurla icra edəcək xeyli gənc, müasir təhsilə və təcrübəyə malik kadr mövcuddur. Bu yöndə müxtəlif adlar çəkmək olar, amma zənnimcə, məsələyə isimlər üzərindən yanaşmamaq daha doğrudur.
Odur ki, diqqətimizi problemin əsas məğzinə cəmləyək. Azərbaycanın mövcud idarəçilik sistemi böyük ölçüdə SSRİ dövrünə məxsusdur. Müstəqilliyin ilk illərində və 1995-ci ildə qəbul olunan ilk Ana Yasamızda bu modeldən tam imtina etmək həm çətin idi, həm də çoxsaylı risklər yarada bilərdi. Dövlət müstəqilliyimiz möhkəmləndikcə, büdcəmiz yüksəldikcə bir sıra islahatlar həyata keçirildi. Lakin bir neçə sual hələ də açıqdır.
Birinci sual: Azərbaycanda bu qədər yüklənmiş idarəçilik sisteminə, əmək bazarında işləyənlərin çoxunu əhatə edən məmur ordusuna ehtiyac varmı?
İkinci sual: Ölkəmizdə bu qədər paralel quruma, bu qədər rayona, həmin rayonlarda da “N” qədər büdcədən bəslənən idarələrə gərək varmı?
Üçüncü sual: Mərkəzləşmiş idarəetmə modelinin bu qədər fəsadlar yaratdığı şəraitdə yerli özünüidarəetmə institutlarının- bələdiyyələrin zəif qalması regional inkişafa mane deyilmi?
Dördüncü sual: Sürətlə dəyişən dünyada və rəqəmsal iqtisadiyyata keçidi qaçılmaz olan Azərbaycanda Nazirlər Kabinetinin timsalında sovet qalığı olan strukturları saxlamaq nəyə lazımdır?
Beşinci sual: Biz bir cəmiyyət olaraq konsensus əldə etmişik ki, ölkəmizdə islahatlar zəruridir. Bu islahatlar öz konstitutsional həllini tapıbmı?
Əlbəttə, bütün sualların cavabı rasional Azərbaycan vətəndaşı üçün aydın və birmənalıdır. O da həqiqətdir ki, iqtisadiyyatı şiddətli məmur təzyiqinə məruz qalan bir ölkədə sərbəst bazar formalaşa bilməz. Bəli, Qarabağ savaşında şanlı qələbə qazanana qədər Azərbaycanda sürətli islahatların aparılmasına mane olan çoxsaylı faktorlar vardı. Müxtəlif güc mərkəzləri arasında balans saxlamaq və daxili sabitliyi qorumaq üçün sosial risklərə daha ehtiyyatla yanaşmaq zəruri idi. Lakin indi ictimai şüur da, sosial gözləntilər də kökündən dəyişib.
Bu günlərdə Dövlət Vergi Xidmətinin açıqladığı 100 yüksək vergi ödəyicisinin siyahısı ilə tanış olduq. İnformasiya texnologiyaları sahəsində fəaliyyət göstərən cəmi bir şirkət vardı. Bu, Azərbaycanın gələcəyi üçün çox ciddi siqnaldır. Dövlət başçısı informasiya texnologiyalarının bir sektor kimi inkişafı, Süni İntellektin pərvazlanması üçün dəfələrlə çox samballı çıxışlar edib, strateji proqramlar imzalayıb, hökumətə qəti tapşırıqlar verib. Bir xeyli müsbət, gözəgörünən nəticələr də var. Lakin o da etiraf olunmalıdır ki, mövcud bürokratik əngəllər ölkədə istər təbii, istərsə də Süni İntellektin inkişafının qarşısına nəhəng sədd çəkib.
Bu səddi aşmaq üçün ölkədə konstitusiya referendumu keçirilməli, idarəçilik sisteminin yeni hüquqi əsasları formalaşmalıdır.
Niyə məhz referendum?
Əvvəla, mövcud idarəçilik modelinin əsas konturları adi qanunlarla yox, birbaşa Konstitusiya ilə müəyyən olunur. Dövlət hakimiyyətinin bölgüsü, mərkəzləşmə dərəcəsi, icra hakimiyyətinin strukturu kimi məsələlər fundamental xarakter daşıyır. Bu səbəbdən, real və dərin transformasiya ancaq və ancaq hüquqi “təməl”in dəyişməsi ilə mümkündür.
Digər tərəfdən, uzun illər ərzində formalaşmış idarəçilik sistemi təkcə struktur deyil, həm də davranış modelidir. Bu davranış modelini dəyişmək üçün Konstitusiya referendumu əsas vasitədir və yeni qaydaların tətbiqinə hüquqi-siyasi mandat yaradır.
Bundan savayı, mövcud sistemdə funksiyaların təkrarlanması, paralel qurumlar və məsuliyyətin itməsi kimi problemlər strukturun özündən qaynaqlanır. Bu problemi aradan qaldırmaq azdır, onların yaranmasına imkan verən hüquqi baza da dəyişməlidir.
Nəhayət, dərin islahatlar cəmiyyətin dəstəyinin hüquqi müstəvidə təsdiq olunması ilə aparıla bilər. Referendum xalqın iradəsini ortaya qoymaqla islahatlara mane olmaq istəyən potensial qüvvələrin önünü kəsir.
Beləliklə, hasil olunan nəticə bizə deyir ki, bu il ölkəmizdə referendum keçirilə bilər və bu referenduma böyük zərurət var.

Taleh ŞAHSUVARLI