"Gəncə"nin baş məşqçisi Rafael Petri: "Azərbaycanı beynəlxalq arenada təmsil etməkdən xoşbəxt olardıq"

19 Aprel 2026 15:16 (UTC+04:00)

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının bürünc medalçısı "Gəncə" klubu Avropa arenalarında çıxış etmək istəyir.

Aznews.az xəbər verir ki, Bunu komandanın baş məşqçisi Rafael Petri deyib.

Mütəxəssis üçüncü yer uğrunda üz-üzə gəldikləri "Milli Aviasiya Akademiyası" ilə oyun haqqında fikirlərini bölüşüb:

"Bizi çox çətin oyunun gözlədiyini bilirdik. Bu qarşılaşmanın əhəmiyyətini dərk edərək meydana çıxmışdıq. Hazırda bu medalı qazandığımız üçün çox şadıq və bunu qeyd edirik".

R.Petri klubun gələcək planları və Avrokuboklarda iştirak ehtimalı barədə də danışıb:

"İndi yalnız qələbəni bayram etmək istəyirik. Arzulayırıq ki, növbəti mövsümdə hansısa səviyyədə Avropa kuboklarında mübarizə aparaq. Gəncəni və Azərbaycanı beynəlxalq arenada təmsil etməkdən çox xoşbəxt olarıq. Lakin bu məsələlərə gələn həftədən sonra baxacağıq. Hazırda isə sadəcə bu uğura sevinirik".

Qeyd edək ki, "Gəncə" bürünc medal uğrunda yarışda "Milli Aviasiya Akademiyası"nı 3:0 hesabı ilə məğlub edib.