"Turan"ın prezidenti Həsən Zeynalov: "Nailiyyətləri beynəlxalq arenalarda davam etdirmək niyyətindəyik"

19 Aprel 2026 21:22 (UTC+04:00)

Azərbaycan Yüksək Liqasının qalibi olan "Turan"ın qadın voleybolçulardan ibarət komandası bu nailiyyətləri beynəlxalq arenalarda davam etdirmək niyyətindədir.

Aznews.az xəbər verir ki, bunu Tovuz təmsilçisinin prezidenti Həsən Zeynalov jurnalistlərə açıqlamasında deyib:

O, "DH Volley"ə qarşı final qarşılaşmasının çox gərgin keçdiyini bildirib:

"Hər iki komanda qızıl medal qazanmaq istəyirdi. Allah bizə nəsib etdi. Çox həyəcanverici və möhtəşəm oyun oldu. Bu qələbə bizə böyük sevinc bəxş etdi. Gələcək planımız Avropaya getməkdir. Bu nailiyyətləri beynəlxalq arenalarda davam etdirmək niyyətindəyik. Artıq bütün fikrimiz Avropa kuboklarındadır. Avrokuboklarla bağlı seçimlər təkcə bizdən yox, digər yerləri tutan komandaların da iştirak qərarından asılıdır. Amma inanıram ki, 99 faiz ehtimalla qitə miqyaslı yarışlarda ölkəmizi təmsil edəcəyik".

Qeyd edək ki, "Turan" komandası finalda "DH Volley"i 3:1 hesabı ilə məğlub edərək Azərbaycan çempionu adını qazanıb.