Fransada siyasi balanslara təsir edəcəyi gözlənilən mühüm hadisə baş verib. Respublikaçılar Partiyası (LR) 2027-ci il prezident seçkiləri üçün namizədini müəyyənləşdirmək məqsədilə keçirdiyi partiyadaxili səsvermənin nəticəsini açıqlayıb. Nəticəyə görə, səslərin 73,8 faizini toplayan Bruno Retayyo partiyanın rəsmi prezidentliyə namizədi olub.
“Fransanın güclü bir vizyona ehtiyacı var”
Namizədliyi təsdiqləndikdən sonra açıqlama verən Retayyo ona dəstək olan partiya üzvlərinə təşəkkür edib. O bildirib ki, Fransa yeni bir istiqamət axtarışındadır və sosial sistemin yenidən qurulması zəruridir.
Retayyo xüsusilə işləyən təbəqəni ön plana çıxaran siyasət həyata keçirəcəyini və ölkənin rifah modelində dəyişikliklər edəcəyini vurğulayıb.
Siyasi keçmişi və mübahisələr
Daha əvvəl Fransua Bayru və Sebastyan Lekornu hökumətlərində daxili işlər naziri kimi fəaliyyət göstərən Retayyo Fransa siyasətində təcrübəli fiqurlardan sayılır.
Lakin onun siyasi fəaliyyəti mübahisələrdən də kənar deyil. 2025-ci ildə baş verən hökumət böhranı zamanı Lekornunun qurduğu kabinetin cəmi 24 saat sonra istefa verməsində Retayyonun rolu olduğu iddiaları gündəmə gəlmişdi. Bu hadisədən sonra qurulan yeni hökumətdə yer almamışdı.
Sərt çıxışları ilə tanınır
Retayyo xarici siyasətdə, xüsusilə Əlcəzair ilə münasibətlərdə sərt mövqeyi ilə seçilir. Daxili siyasətdə isə təhsil müəssisələrində hicabın qadağan olunmasını müdafiə edən açıqlamaları ilə tez-tez müzakirələrə səbəb olub.
Makron dövrü başa çatır
Fransada 2027 seçkiləri hazırkı prezident Emmanuel Makron üçün bir dövrün sonu olacaq. İki müddətdir vəzifədə olan Makron konstitusion məhdudiyyətlərə görə yenidən namizəd ola bilməyəcək.
Bu vəziyyət ölkədə yeni siyasi mərhələnin başlanğıcını göstərir və Respublikaçıların namizədi Retayyonun necə nəticə göstərəcəyi artıq maraq doğurur.
Mövsüm,
AzNews.az