Braziliyalı triatlonçu Mara Flaviya Araujo Texasdakı yarışda boğularaq vəfat edib

20 Aprel 2026 15:53 (UTC+04:00)

Braziliyalı triatlonçu Mara Flaviya Araujo Texasda keçirilən "Ironman" yarışında üzgüçülük mərhələsi zamanı boğularaq vəfat edib.

Aznews.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Vudlends gölündə baş verib.

38 yaşlı Araujonun yoxa çıxması barədə yerli vaxtla səhər saatlarında məlumat daxil olub. Yarışın təhlükəsizlik qrupuna daxil olan xilasedici qayıq dərhal axtarışlara başlayıb. Xilasedicilər üzgəclərdən birinin yaxınlığında itkin düşən idmançının axtarışı ilə bağlı siqnal alıblar.

İdmançının cəsədi təxminən 3 metr dərinlikdə aşkar edilib. Dalğıclar onu suyun üzünə çıxararaq sahilə çatdırıblar.

Qeyd edək ki, M.F.Araujo triatlonla 2019-cu ildən məşğul olmağa başlayıb. O, 2022-ci ildə "Triatlo Brasilia" yarışında üçüncü yeri tutub, iki dəfə "GP Brasil"in qalibi olub və iki dəfə "Ironman 70.3" dünya çempionatına vəsiqə qazanıb.