Bu ilin birinci rübündə Azərbaycanla Çin arasında 1 milyard 103 milyon 631 min ABŞ dolları dəyərində ticarət əməliyyatları icra olunub.
Aznews.az xəbər verir ki, Bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,3% çoxdur.
Dövr ərzində Çinlə ticarət dövriyyəsi ölkənin ümumi ticarət dövriyyəsinin 11,73%-ni təşkil edib.
Yanvar-mart aylarında Azərbaycandan Çinə 29 milyon 59 min ABŞ dolları dəyərində məhsul ixrac edilib. Bu isə, illik 25,2% artım deməkdir. İlk üç ayda Çinə ixrac ölkənin ümumi ixracında 0,54% paya sahib olub.
Hesabat dövründə Çindən Azərbaycana 1 milyard 74 milyon 571 min ABŞ dolları dəyərində məhsul idxal edilib ki, bu da illik 6,9% çoxdur. Bu dövrdə Çindən idxal Azərbaycanın ümumi idxalının 26,83%-i həcmində olub.
Qeyd edək ki, Çin Azərbaycanın üçüncü ən böyük ticarət tərəfdaşıdır.