“ABŞ–Çin qarşıdurması qlobal miqyasda bütün sahələri əhatə edir” – Elçin Xalidbəyli

20 Aprel 2026 18:15 (UTC+04:00)

"Əslində, ümumi mənzərəyə baxdıqda, ABŞ qlobal səviyyədə Çinə qarşı çoxşaxəli mübarizə aparır. Bu qarşıdurmada demək olar ki, bütün faktorlar iştirak edir, yalnız hərbi komponent hələlik açıq formada özünü göstərmir. Bununla belə, Çinin iqtisadi və ticari maraqlarının mövcud olduğu əksər istiqamətlərdə ABŞ tərəfindən təzyiq və məhdudiyyətlər müşahidə olunur. Arktikadan dəniz marşrutlarına qədər uzanan bu rəqabət, eyni zamanda Venesuela neftinə nəzarət cəhdləri, Yaxın Şərqdə artan gərginlik və Avropa ölkələrinə yönəlik təzyiqlərlə müşayiət olunur. Bütün bu proseslər, əsasən ABŞ və Çin arasında gedən qlobal iqtisadi qarşıdurmanın nəticəsi kimi qiymətləndirilə bilər. Hazırkı mərhələ onu göstərir ki, Yaxın Şərqdə baş verən proseslər Çinin iqtisadi-ticari maraqları üçün daha ciddi risk faktoruna çevrilməkdədir. Xüsusilə nəzərə almaq lazımdır ki, Hörmüz boğazı vasitəsilə daşınan neftin əhəmiyyətli hissəsi məhz Çinə yönəlirdi. Bundan əlavə, Çin İran və bir sıra ərəb ölkələrinin enerji resurslarının əsas alıcılarından biri kimi çıxış edirdi".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.

Qeyd edək ki, Yaxın Şərqdəki gərginlik dünyanın aparıcı ixracatçısı olan Çinə də mənfi təsir edir. Pekin bu şəraitdə riskləri azaltmaq üçün alternativ nəqliyyat marşrutlarının genişləndirilməsinə üstünlük verir. Bu baxımdan, İpək Yolunun bərpası və onun əsas hissələrindən biri hesab olunan TRİPP layihəsinin daha sürətli icrası xüsusi aktuallıq qazanır.

Siyasi şərhçi bildirib ki, mövcud şəraitdə ABŞ-nin Yaxın Şərqdə fəallaşması və Hörmüz boğazı ətrafında əlavə nəzarət mexanizmləri formalaşdırması, faktiki olaraq Çinin enerji təchizatını məhdudlaşdırmağa yönəlmiş addım kimi qiymətləndirilir.

"Venesuela neftinin artıq əvvəlki həcmdə Çinə yönəlməməsi də bu mənzərəni daha da ağırlaşdırır. Belə bir şəraitdə Çin alternativ logistika marşrutlarına xüsusi önəm vermək məcburiyyətindədir. Bu baxımdan Cənubi Qafqaz üzərindən keçən Zəngəzur dəhlizi xüsusi əhəmiyyət kəsb edir. Lakin burada da Çin üçün tam əlverişli olmayan məqamlar mövcuddur. Belə ki, TRIPP layihəsinin reallaşacağı təqdirdə ABŞ və Ermənistan arasında mümkün əməkdaşlıq bu marşrut üzərində müəyyən nəzarət mexanizmlərinin formalaşmasına gətirib çıxara bilər. Bu isə layihənin Çin üçün cəlbediciliyinə baxmayaraq, əlavə risklər yaradır. Nəticə etibarilə, Zəngəzur dəhlizi (TRIPP layihəsi) qlobal miqyasda əhəmiyyətini sürətlə artırır. Xüsusilə Yaxın Şərqdəki gərginlik fonunda bəzi logistika xətlərinin bağlanma ehtimalı bu layihəni daha da ön plana çıxarır. Yaxın perspektivdə TRIPP-in qlobal iqtisadi sistem üçün mühüm “nəfəslik” rolunu oynaya biləcəyi istisna deyil. Hazırda isə Yaxın Şərqdəki proseslər ABŞ-nin diqqət mərkəzində olduğundan və Ermənistanda daxili siyasi proseslər davam etdiyindən layihə ətrafında nisbi sakitlik müşahidə olunur. Lakin yaxın aylarda TRIPP layihəsinin taleyi, icra müddəti və funksionallığı ilə bağlı daha konkret qərarların verilməsi gözlənilir. Ümumilikdə, Avropadan Asiyaya qədər uzanan geniş coğrafiyada Zəngəzur dəhlizi bir çox ölkələrin birbaşa iqtisadi və ticari maraqlarına cavab verdiyi üçün onun reallaşdırılmasına maraq getdikcə artır".

Rəfiqə Namazəliyeva,

AzNews.az