15 yaşlı analar və sosial sancılar - VİDEO ŞƏRH

20 Aprel 2026 19:52 (UTC+04:00)

Ötən həftə rayonların birində baş verən, ictimaiyyətə isə bəlli olan hadisə hər bir vicdanlı azərbaycanlını sarsıdır. Bu olay bir daha bizi vadar etdi ki, cəmiyyətin içindən aldığımız siqnalları ciddi-ciddi müzakirə edək, çözüm yolları arayaq. 15 yaşlı bir yeniyetmənin dünyaya uşaq gətirməsi təkcə bir rayona xas olay deyil və bütün Azərbaycanda ictimai vicdanı silkələməlidir.

Hal-qaziyə belədir ki, Ucar Rayon Mərkəzi Xəstəxanasının Doğum Şöbəsinə 15 yaşlı rayon sakini yerləşdirilib. AzNews.az portalı xəbər verir ki, bu barədə TƏBİB rəsmi açıqlama yayıb. Açıqlamada deyilir:

“Aprelin 14-də saat 19:00 radələrində 2011-ci il təvəllüdlü hamilə doğum sancıları ilə Ucar Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə hospitalizasiya olunub. Ona 31-32 həftəlik hamiləlik diaqnozu təyin edilib. Pasiyent saat 20:20 radələrində çəkisi 1900 qram, boyu 44 sm olan oğlan uşağı dünyaya gətirib. Aprelin 17-də zahı kafi vəziyyətdə sahə həkimi, mama-ginekoloqun nəzarəti altında ambulator müalicə üçün evə yazılıb”.

Hadisə ilə əlaqədar hüquq-mühafizə orqanlarına məlumat verilib”, - deyə məlumatda vurğulanıb.

Daxili İşlər Nazirliyi də məsələ ilə bağlı açıqlama verib. Nazirlik bildirib ki, Ucar Rayon Polis Şöbəsində faktla bağlı cinayət işi başlanılıb.

Öncə bu məsələyə bir hüquqşünas kimi yanaşmaq istəyirəm.

Çox güman ki, müvafiq cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1 maddəsi ilə açılıb. Həmin maddəyə əsasən, on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Əlbəttə, Daxili işlər nazirliyinin rəsmi açıqlamasında deyildiyi kimi, istintaq gedir. İstintaqın gedişində başqa məlumatlar da üzə çıxa, əgər fərqli detallar üzə çıxarsa, əlavə ittihamlar da irəli sürülə bilər.

Lakin bir məsələ konkretdir. Bir yeniyetmə üçün 15 yaş “razılıq yaşı” deyil. Yəni partnyorun kimliyindən, münasibətin motivindən asılı olmayaraq, bu hamiləliyin arxasında hüquqi məsuliyyət dayanır. Bu məsuliyyətlə bağlı hüquqi tədbirlər görülməlidir və düzgün yanaşma da budur. Elə bu səbəbdən də hadisəni romantikləşdirmək, erkən münasibətlərə bu və ya digər şəkildə haqq qazandırmaq yolverilməzdir, təhlükəlidir və hüquqa ziddir.

Əslində bu olay, necə deyərlər, buzdağının görünən hissəsidir. Ölkəmizdə erkən nikah, qeyri-rəsmi münasibətlər və nəticədə bu cür hallar bir problem kimi mövcuddur. Bununla bağlı etiraf edək ki, yetərincə mediada maarifləndirmə işi aparılır, saytlar, telekanallar, sosial şəbəkə platformalarında hər gün çağırışlar edilir. Ölkəmizdə Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi də var. Onlar da, müşahidələrimə görə, erkən nikahlara qarşı öz funksiyaları çərçivəsində əllərindən gəldiyi qədər səmərəli çalışırlar.

Amma bu cür faktlar onu göstərir ki, cəmiyyətimizdə ilk növbədə bəzi streotipləri dəyişməliyik. Erkən cinsi münasibətlər, erkən nikah və bu qəbildən olan halları qətiyyən legitimləşdirmək, olaylara ictimai bəraət qazandırmaq olmaz. “Əşi, belə şeylər həmişə olub”, yaxud “ailə qurur, xoşbəxt olsun” kimi yanaşmalar ortaya qoyulmamılıdır. 21-ci əsrdə bir məsələni tam dərk etməliyik ki, əgər özü uşaq olan biri dünyaya uşaq gətirirsə, bu, artıq ciddi sosial problemdir.

İkincisi, erkən nikahlar, boşanmalar, övladlar üzərində valideyn nəzarətinin zəifliyi Azərbaycan ailə modelini riskə atır. Təsəvvür edin ki, hamiləlik aylarla davam edən bir vəziyyətdir. Lakin ailə son anda xəbər tutur ki, onun övladının hansısa gizli münasibətləri var. Əgər ailə bunu görməyibsə, deməli, evdə nəzarət problem var!.. Yaxud görüb və susubsa, bu, daha ağır məsələdir və araşdırılmalıdır. Bəzi hallarda isə ailələr problemi gizlətməyə çalışır, “biabırçılıq olmasın” deyə hər şeyi ört-basdır etməyə çalışırlar. Amma bəzən nəticə daha ağır olur- cinayət riskli doğuşa çevrilir.

15 yaşlı uşaq doğum evində yox, təhsil sisteminin içində, məktəbdə, parta arxasında olmalıdır.

Bizim “Təhsil haqqında qanunda” deyilir ki, Azərbaycan Respublikasında təhsilin əsas məqsədi Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqının milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirməkdir.

Əgər bir şagird 15 yaşında ana olursa, demək, təhsil sistemi bu məqsədə çata bilmir. Odur ki, sual verirəm, həmin şagirdin təhsil aldığı məktəb o yeniyetmə qızla bağlı riski niyə vaxtında aşkar edə bilməyib? Sualı daha geniş çərçivədə səsləndirək: məktəblər sosial nəzarət mexanizmi kimi niyə effektiv deyil?

Mən bunun səbəbini Azərbaycanda geniş yayılmış və təhsil sistemini qara bazara sürükləmiş repetitorluqda görürəm. Repetitor bazarı Azərbaycanda təhsilə, elmə, ailə institutuna və şəxsiyyətin formalaşdırılması prosesinə elə böyük zərbələr vurub və vurur ki, biz cəmiyyət olaraq bunun ağrısını hələ çox çəkəcəyik. Ona görə də “Azərbaycanda ailə institutunun qorunmasına haradan başlamaq lazımdır” sualına mənim bircə cavabım var: repetitor fəaliyyətinin kökü kəsilməli, bunun üçün isə Dövlət İmtahan Mərkəzinin əksər səlahiyyətləri ləğv olunmalıdır. Bu qurum qəbul prosesində şəffaflığı təmin etmək üçün ancaq və ancaq “bir pəncərə” funksiyası daşımalıdır. Nə qədər ki, şagirdin və müəllimin fikri dərsdə deyil, nə qədər ki, qanuni təhsil bazası karyera qazanmaq üçün yetərli deyil, heç bir nazirlik, heç bir nazir, heç bir məmur öyrənmə prosesini dövlətin rəsmi məktəblərinə qaytara bilməz. Məktəb öyrəmə ünvanı deyilsə, şəxsiyyət formalaşdıra bilmirsə, o zaman yeniyetmələr ya radikal dini cərəyanlara, ya da kriminala yönələcək, heç bir maarifləndirmə işi effekt verməyəcək.

Taleh ŞAHSUVARLI