“Tərəflər Türkiyəyə güvənir, lakin mövqelər zidd olaraq qalır” - Əli Mustafayev

20 Aprel 2026 22:00 (UTC+04:00)

"Türkiyə həm Rusiya, həm də Ukrayna tərəfindən qəbul edilən bir dövlətdir. Hər iki ölkənin siyasi rəhbərliyi ilə daimi təmaslar mövcuddur. Tərəflər bir sıra məsələlərdə dialoq aparır və müəyyən məqamlarda uzlaşma əldə edirlər. Ukrayna prezidentinin son açıqlamalarından biri də Putinlə yeni görüşə hazır olduğunu bildirməsi idi. Bu prosesdə Donald Trampın və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mümkün iştirakı da Ukrayna tərəfindən Türkiyəyə verilən etimadın göstəricisi kimi diqqət çəkir. Eyni zamanda Rusiya tərəfi də zaman-zaman Türkiyə ərazisində görüşlərə və danışıqlara hazır olduqlarını bəyan edir. Lavrovun da bu istiqamətdə İstanbul formatına dair açıqlamaları olmuşdu. Ümumilikdə, hər iki tərəfin Türkiyəyə müəyyən etimadı var. Lakin bu etimad ciddi fikir ayrılıqları olan tərəflərin tam razılaşması üçün kifayətdirmi? Bu, əsas suallardan biridir. Çünki Donald Trampın ABŞ-nin siyasi və hərbi gücünü arxasına alaraq tərəfləri masa arxasına gətirmək cəhdlərinə baxmayaraq, nəticə əldə olunmayıb. Bunun əsas səbəbi tərəflərin mövqelərinin tam zidd olmasıdır. Ukrayna ərazilərinin tam bərpasını tələb edir, Rusiya isə nəzarət etdiyi ərazilərin onun tərkibində qalmasını istəyir".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafayev deyib.

Qeyd edək ki, Türkiyə rəsmiləri Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə aparılan təmaslar çərçivəsində Ukrayna münaqişəsinin nizamlanmasına dair danışıqlara ev sahibliyi etməyə hazır olduqlarını bir neçə dəfə bəyan ediblər. Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan məlumat verib. O, Antalya Diplomatik Forumunun yekununda keçirilən mətbuat konfransında çıxış edərək bildirib ki, Ankara həm yüksək səviyyəli siyasi görüşlərin, həm də texniki danışıqların təşkilinə hazırdır. Fidanın sözlərinə görə, Türkiyə əvvəlki dövrlərdə olduğu kimi, bu prosesdə vasitəçilik rolunu davam etdirməyə və tərəflər arasında dialoqun bərpasına töhfə verməyə hazırdır.

Siyasi şərhçi qeyd edib ki, hazırkı mərhələdə nə Rusiyanın, nə də Ukraynanın qarşı tərəfə şərtlərini diktə edəcək qədər üstünlüyü yoxdur.

"Əksinə, müəyyən mənada status-kvo yaranıb və tərəflər bərabər güc balansında mübarizə aparır. Əvvəllər Rusiyanın üstünlüyü daha qabarıq idi, lakin son dövrlərdə Ukraynanın da hərbi və texnoloji imkanlarını artırdığı müşahidə olunur. Xüsusilə dronlar, raket sistemləri və hava hücumundan müdafiə sahəsində ciddi irəliləyişlər var. Bu baxımdan Ukrayna öz texnoloji inkişafı ilə Rusiyanın bəzi strateji üstünlüklərini tarazlamağa çalışır. Nəticə etibarilə tərəflərdən heç biri o qədər zəif deyil ki, vasitəçi təzyiqi ilə qarşı tərəfin şərtlərini qəbul etsin və sürətli razılaşma əldə olunsun. Kompromis məsələləri də hələlik qeyri-müəyyəndir. Danışıqlar aparılsa da, ortaq məxrəc formalaşmayıb. Hər iki tərəfin mövqeyi sərt olaraq qalır və əsas ziddiyyətlər dəyişməyib. Buna görə də Türkiyənin regiondakı nüfuzuna baxmayaraq, tərəflərin masa arxasına toplanması mümkün görünsə də, yaxın perspektivdə real və dayanıqlı kompromis ehtimalı zəif qiymətləndirilir".

Rəfiqə Namazəliyeva,

AzNews.az