Elza Seyidcahandan primadonnaya qadağa

21 Sentyabr 2013 17:37 (UTC+04:00)
Xalq artisti İlhamə Quliyevanın əməkdar artist Elza Seyidcahan haqqında dediyi "səviyyəsiz" sözü qarşı tərəfi özündən çıxarıb.

Müğənni axşam.az-ın müxbiri ilə söhbətində İ. Quliyevaya qadağa qoyub. O, bəstələdiyi "Ağ çiçəyim" mahnısını oxumağı xalq artistinə qadağan edib:"Bundan sonra İlhamə Quliyevaya ona hədiyyə etdiyim "Ağ çiçəyim" mahnısını oxumağı qadağan edirəm. Zəhmət olmasa, mənim bəstəmi bir də səsləndirməsin. Xahiş edirəm, İlhamə Quliyeva olan verilişlərdə, radiolarda, məclislərdə Elza adı çəkilməsin".

Elza deyib ki, İ. Quliyevanın Bəstəkarlar İttifaqının üzvü, respublikanın əməkdar artisti, "MUZ-TV"-nin musiqi departamentinin rəhbəri, iki uşaq anası, Mahnı Teatrının solisti olan bir müğənniyə "səviyyəsiz" deməsi hörmətsizlikdir: "O, tək məni yox, "Seyidcahan" soyadını daşıyan ailəmi, mənim müəllimim olmuş Arif Məlikov kimi bir sənətkarı da təhqir edib. Ölkə başçısının "Şöhrət" ordeni və bir çox adlarla təltif etdiyi sənətkar xalqın müğənnisinə bu cür davranmamalıdır. "Uğura doğru" konsertimi prezident seçkilərinə həsr etdim. Burada ölkənin dəyərli insanlarını görmək istədim. İlhamə Quliyevanı da buna layiq bilib dəvət etdim. O isə mənim ünvanıma xoşagəlməz sözlər deyib".

Elza Seyidcahan daha heç yerdə İlhamə Quliyevanın adını çəkməyəcəyini deyib: "Qoy, İlhamə Quliyeva mənim səviyyəmə düşməsin. Onu narahat etdiyim üçün də üzr istəyirəm. Mən başqaları kimi ona nə hədiyyələr verib, yaltaqlanmıram, nə də ünvanına nalayiq sözlər demirəm".

Qeyd edək ki, İ.Quliyeva konsertində onunla birlikdə səhnəni bölüşəcəyini deyən Elza Seyidcahanı tənqid edib: "Mən bilmirəm ki, bu adam niyə görə, mənim adımı çəkib. Mən məgər o səviyyənin adamıyam ki, Elza Seyidcahanla bir səhnəyə çıxım? Mən yəni o günə qalmışam… Mənim adımdan istifadə edib yalan danışmaqdan utanmır. Ayıb olsun ona. Mən belə tədbirlərdə qəti şəkildə iştirak etmirəm. Bunu hər kəs bilir".

AzNews.az