Aİ-dən Ukraynaya 90 milyard avroluq kredit: QƏRAR VERİLƏCƏK

21 Aprel 2026 13:42 (UTC+04:00)

Avropanın Ukraynaya yardımları davam edir...

Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas Lüksemburqda keçirilən Aİ Xarici İşlər Nazirləri toplantısından əvvəl mətbuata açıqlama verib.

90 milyard avroluq kredit

Kallas bildirib ki, Ukraynanın bu kreditə “həqiqətən ehtiyacı var” və bu addım eyni zamanda Rusiyaya mühüm mesaj olacaq.

O qeyd edib ki, Ukrayna üçün nəzərdə tutulan 90 milyard avroluq kreditlə bağlı sabah müsbət qərarın qəbul olunacağı gözlənilir.

Macarıstan hökuməti isə “Drujba” boru kəməri vasitəsilə ölkəyə neft tədarükü bərpa olunana qədər Ukraynaya ayrılacaq 90 milyard avroluq Aİ kreditini bloklayacaqlarını açıqlayıb.

Kallas əlavə edib ki, əsas gündəm mövzularından biri də Yaxın Şərqdəki hadisələrdir və toplantıya Nəvvaf Salam da qatılacaq.

O, BMT-nin Livandakı Müvəqqəti Sülhməramlı Qüvvələri (UNIFIL)nin mandatının bu ilin sonunda başa çatacağını xatırladaraq, Avropanın daha nələr edə biləcəyinin müzakirə ediləcəyini bildirib.

ABŞ Prezidenti Donald Trampın İranın mülki infrastrukturuna yönəlik təhdidləri ilə bağlı suala cavab verən Kallas vurğulayıb ki, regional tərəfdaşlarla aktiv əməkdaşlıq aparılır.

“İranı ən yaxşı onlar tanıyır və bu, danışıqlar masasında olan tərəflərin mövqeyini gücləndirmək üçün vacibdir. Atəşkəs çox həssasdır, amma diplomatiyaya şans verilməlidir. Bu səbəbdən diplomatik həll tapılana qədər atəşkəsin uzadılmasını ümid edirəm,” – deyə o bildirib.

Mövsüm,

AzNews.az