Əgər biz bu gün yeni Konstitusiya qəbul etsək və həmin Konstitusiyanın preambulasında Müstəqillik Bəyannaməsinə istinad olarsa, bu, o demək olacaq ki, biz “Qarabağ hərəkatını” davam etdiririk.
Aznews.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan “Facebook”da seçki proqramı ilə bağlı videomüraciətində bildirib.
“Əgər biz Qarabağ hərəkatını davam etdiririksə, bu o deməkdir ki, biz Azərbaycanla münaqişəni yenidən alovlandırırıq, əgər biz Azərbaycanla münaqişəni yenidən başladırıqsa, bu, sülhün mümkün olmaması deməkdir”, - Baş nazir vurğulayıb.
Qeyd edək ki, Ermənistanın Müstəqillik Bəyannaməsində Azərbaycana qarşı ərazi iddiaları yer alır. Konstitusiyanın preambulasında istinad edilən Müstəqillik Bəyannaməsində keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin zəruriliyi ilə bağlı bənd var. Azərbaycan isə buna etiraz edir, Ermənistanla sülh sazişinin imzalanması üçün Konstitusiyada dəyişiklik edilməsini şərt kimi irəli sürür.