Yaponiyada zəlzələ panikası yaşanır...
İvate prefekturası sahilləri yaxınlığında, yerin 10 kilometr dərinliyində qeydə alınan sarsıntıdan sonra 3 metrə çata biləcəyi ehtimal edilən sunami dalğalarına görə sahil bölgələrində yaşayan təxminən 170 min nəfərə yüksək ərazilərə getmək tapşırığı verilib.
Sunami təhlükəsi
Paytaxt Tokioda da hiss olunan zəlzələdən sonra qeydə alınan ən yüksək sunami dalğası 80 santimetr olub.
Sunami xəbərdarlıqları zəlzələdən saatlar sonra, gecə yarısına doğru tamamilə ləğv edilib.
Ekspertlərdən “8.0 və yuxarı bal” xəbərdarlığı
Yaponiya Meteorologiya Agentliyi (JMA) sunami xəbərdarlıqlarını aradan qaldırsa da, bölgədə riskin davam etdiyini açıqlayıb.
Açıqlamada qeyd olunub ki, yaxın həftə ərzində daha güclü sarsıntılara səbəb ola biləcək və daha böyük dalğalar yarada biləcək yeni zəlzələlər gözlənilir.
Rəsmilər bölgədə 8.0 və daha yüksək bal gücündə zəlzələnin baş vermə ehtimalının adi dövrlərlə müqayisədə “nisbətən daha yüksək” olduğunu vurğulayıb.
Can itkisi və ciddi ziyan yoxdur
Yaponiya Nazirlər Kabinetinin baş katibi Minoru Kihara bildirib ki, ilkin məlumatlara görə, zəlzələ nəticəsində can itkisi və ya ciddi dağıntı qeydə alınmayıb.
Sarsıntı səbəbindən bəzi sürətli qatar reyslərində gecikmələr yaşanıb, təxminən 100 evdə elektrik enerjisi kəsilib. Qatar hərəkəti bazar ertəsi gecəsindən etibarən bərpa olunub.