Yalan məlumat yayan məktəbli saxlanıldı – 87 nömrəli məktəblə bağlı iddialar əsassız çıxdı

21 Aprel 2026 17:23 (UTC+04:00)

18 aprel tarixində sosial şəbəkələrdə 87 nömrəli tam orta ümumtəhsil məktəbi ilə bağlı təhlükəsizlik təhdidi və müəllimlərə qarşı təhqiredici məzmunlu paylaşımlar yayılıb. Hadisə dərhal aidiyyəti qurumların nəzarətinə götürülüb və hüquq-mühafizə orqanlarına məlumat verilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, aparılan araşdırmalar nəticəsində yayılan iddiaların əsassız olduğu müəyyən edilib. Məlum olub ki, həmin paylaşımları edən şəxs məktəbin 15 yaşlı şagirdidir və o, polis əməkdaşları tərəfindən saxlanılıb.

Qanunvericiliyə uyğun olaraq, yeniyetmənin valideynləri polis idarəsinə dəvət edilib və onlarla profilaktik iş aparılıb. Şagirdlə bağlı materiallar aidiyyəti üzrə icra hakimiyyəti yanında fəaliyyət göstərən müvafiq komissiyaya göndərilib.

Hadisədən sonra 20–21 aprel tarixlərində məktəbdə davamiyyət qismən azalsa da, tədris prosesi fasiləsiz şəkildə davam etdirilir. Məktəb rəhbərliyi təhlükəsizlik və psixoloji dəstək tədbirlərinin gücləndirildiyini, şagird və valideynlərlə mütəmadi söhbətlər aparıldığını bildirib.