“Vaşinqton İranla gərginliyi danışıqlar masasında həll etməyə çalışır” – Azər Həsrət

21 Aprel 2026 19:33 (UTC+04:00)

"Vaşinqtonun hazırkı yanaşması ondan ibarətdir ki, mövcud gərginliklər mümkün qədər danışıqlar masası arxasında həll olunsun. Bu, təsadüfi bir istiqamət deyil. ABŞ tarixən, xüsusilə də Trampdan əvvəlki administrasiyalar dövründə də İranla bağlı məsələlərin diplomatik yolla həllini istisna etməyib və əksinə, danışıqlar prosesini davam etdirməyə çalışıb. Bunun əsas məqsədi İranın regional siyasətindəki gərginliklərin və qarşıdurma meyllərinin hərbi eskalasiyaya keçməsinin qarşısını almaq olub. Lakin Tehranın uzun illər sərgilədiyi sərt ritorika və qarşılıqlı etimadın zəifliyi bu proseslərin davamlı nəticə verməsini çətinləşdirib. Müxtəlif dövrlərdə səsləndirilən kəskin bəyanatlar və qarşılıqlı ittihamlar münasibətləri daha da mürəkkəbləşdirib. Hazırkı mərhələdə də ABŞ-nin yanaşması daha çox təzyiq və danışıqların paralel aparılması üzərində qurulub".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Qeyd edək ki, ABŞ və İran arasında gərginliyin son mərhələsi artıq açıq şəkildə iki paralel xətt üzrə inkişaf edir: bir tərəfdə hərbi və iqtisadi təzyiqlərin maksimum səviyyəyə çatdırılması, digər tərəfdə isə həmin təzyiqlər fonunda danışıqların başlanmasına cəhdlər. Pakistanda planlaşdırılan görüş də məhz bu iki xəttin kəsişdiyi nöqtə kimi qiymətləndirilir. Vaşinqtonun yüksək səviyyəli nümayəndə heyətini bölgəyə göndərməsi bu prosesi sıradan diplomatik təmasdan çıxararaq daha strateji bir mərhələyə yüksəldir. Eyni zamanda Tehranın ilkin tərəddüdlərdən sonra prosesə razılıq verməsi göstərir ki, İran da mövcud vəziyyətin kritik həddə çatdığını qəbul edir, lakin bu, geri çəkilmə deyil, daha çox şərtləndirilmiş iştirak kimi dəyərləndirilir.

Siyasi şərhçi qeyd edib ki, Pakistan kimi üçüncü ölkələr vasitəsilə aparılan təmaslar məhz diplomatik kanalların tamamilə bağlanmamasına xidmət edir.

"Vaşinqtonun mövqeyi ondan ibarətdir ki, imkan olduğu halda danışıqların davam etdirilməsi daha məqsədəuyğundur. Digər tərəfdən, İran daxilində qərarvermə mexanizmi vahid deyil. Prezident Məsud Pezeşkian və onun komandası daha çox iqtisadi və siyasi reallıqları nəzərə alaraq dialoq tərəfdarı kimi çıxış edirlər. Lakin ölkədə əsas strateji qərarların formalaşmasında SEPAH və ali dini rəhbərlik mühüm rol oynayır və bu mərkəzlər daha sərt xəttin saxlanılmasına üstünlük verirlər. Bu isə danışıqlar prosesində ziddiyyətli yanaşmalar yaradır. Nəticə etibarilə, tərəflər arasında dialoq potensialı mövcud olsa da, daxili siyasi balanslar və qarşılıqlı etimadın zəifliyi real və davamlı razılaşmanın əldə olunmasını çətinləşdirən əsas amillər olaraq qalır".

Rəfiqə Namazəliyeva,

AzNews.az