“Apreldə intensiv yağıntılar iqlim dəyişikliklərinin açıq göstəricisidir” – Sadiq Həsənov

21 Aprel 2026 19:35 (UTC+04:00)

“Yaz fəslinin artıq ikinci ayı olmasına baxmayaraq, hava şəraiti gözlənilən mənzərədən xeyli fərqlənir. Təbii ki, əvvəlki aprel ayları ilə müqayisədə xeyli fərqli hava şəraiti müşahidə olunur. Bu, birbaşa iqlimdə baş verən dəyişikliklərin təzahürü kimi qiymətləndirilə bilər və aprel ayı üçün qeyri-adi olmayan, lakin intensivliyi yüksək hava rejimidir. Bu il əvvəlki illərlə müqayisədə aprel ayında həddindən artıq intensiv yağışların düşməsi qeydə alınıb. Yəni yağıntı miqdarı normanı aşaraq illik göstəricilərə yaxın səviyyəyə çatıb. Ümumilikdə, son onilliklərlə müqayisədə yağışların daha çox olması müşahidə edilir. Bu proseslər Azərbaycanda, eləcə də bütövlükdə Cənubi Qafqaz regionunda iqlim dəyişikliklərinin xarakterini ortaya qoyur. Əsasən şimaldan daxil olan hava kütlələri və siklonik proseslər, Xəzər dənizi üzərində formalaşan yüksək təzyiq sahələri ilə qarşılıqlı təsirə girərək hava şəraitinə təsir edir. Nəticədə şimal və şimal-şərqdən gələn soyuq hava axınları, eləcə də Şərqi Avropa və Şərqi Sibir istiqamətindən daxil olan sistemlər regiona təsir göstərir. Eyni zamanda cənubdan, xüsusilə Aralıq dənizi hövzəsindən daxil olan isti hava kütlələri ilə soyuq hava kütlələrinin toqquşması nəticəsində atmosferdə qeyri-sabitlik artır".

Bu fikirləri Aznews.az-a açıqlamasında ekoloq Sadiq Həsənov deyib.

Qeyd edək ki, aprel ayı təqvimdə yaz fəslinin ortası kimi qeyd olunsa da, təbiət bu il Azərbaycanda fərqli “ssenari” ilə çıxış edir. Adətən bu dövrdə havaların tədricən isinməsi, yaşıllığın genişlənməsi və yazın özünü daha qabarıq şəkildə göstərməsi gözlənilsə də, müşahidə olunan hava şəraiti bunun əksini nümayiş etdirir. Ölkənin bir sıra bölgələrində qəfil yağan qar, temperaturun kəskin enməsi və qeyri-sabit atmosfer prosesləri yazın ənənəvi ritmini pozur. Paralel olaraq paytaxt Bakıda güclü və intensiv yağışların müşahidə olunması ümumi hava mənzərəsini daha da mürəkkəbləşdirir. Bu cür ziddiyyətli hava hadisələri həm gündəlik həyatda çətinliklər yaradır, həm də iqlim dəyişikliklərinin təsirlərinin artıq daha açıq şəkildə hiss olunduğunu göstərir.

Ekoloq qeyd edib ki, bu proseslər həm yağışların intensivləşməsinə, həm də qar və qarışıq yağıntıların müşahidə olunmasına şərait yaradır.

"Ümumilikdə bu proseslər rütubət faizinin artmasına və regional iqlimdə dəyişikliklərin baş verməsinə işarə edir. Bu baxımdan, müşahidə olunan hava şəraiti iqlim dəyişikliklərinin regionda təsirinin göstəricilərindən biri kimi dəyərləndirilə bilər. Müsbət tərəf ondan ibarətdir ki, intensiv yağıntılar yaşıllıqların artmasına, su ehtiyatlarının bərpasına və çaylarda su səviyyəsinin yüksəlməsinə şərait yaradır. Hazırda Kür, Araz və digər çaylarda suyun artması müşahidə olunur. Əgər bu tendensiya uzunmüddətli dövrdə də davam edərsə, regionda daha rütubətli iqlim şəraitinin formalaşması ehtimalı yarana bilər ki, bu da ümumilikdə iqlim balansına təsir edən mühüm amillərdən biri hesab olunur".

Rəfiqə Namazəliyeva,

AzNews.az