"İran ətrafında baş verən proseslər ABŞ-nin uzunmüddətli strateji xəttinin tərkib hissəsi kimi qiymətləndirilir. Bu yanaşma hakimiyyətdə hansı siyasi qüvvənin olmasından asılı deyil: istər respublikaçılar, istərsə də demokratlar dövründə Vaşinqton eyni strategiyanı fərqli taktiki alətlərlə həyata keçirməyə çalışıb. Müxtəlif dövrlərdə İrana qarşı təzyiq siyasəti fərqli arqumentlərlə əsaslandırılıb. Bir mərhələdə Tehran “terroru dəstəkləyən dövlət” kimi təqdim olunaraq beynəlxalq iqtisadi və siyasi sistemdən təcrid edilib, sanksiyalar tətbiq olunub. Digər mərhələdə isə uranın zənginləşdirilməsi məsələsi ön plana çəkilərək hərbi təzyiq mexanizmləri gücləndirilib. Bu addımların əsas məqsədi İranda hakimiyyət dəyişikliyinə nail olmaq və ABŞ maraqlarına daha uyğun siyasi sistem formalaşdırmaq olub. Lakin hərbi təzyiq strategiyası gözlənilən nəticəni verməyib. Xüsusilə Donald Tramp administrasiyası dövründə tətbiq edilən sərt xətt – strateji obyektlərə zərbələr endirməklə daxildə siyasi çevrilişə təkan vermək planı – reallaşmayıb. ABŞ-nin hesablamalarına görə, bu yolla ölkə daxilində narazılıq artmalı və nəticədə hakimiyyət dəyişikliyi baş verməli idi. Eyni zamanda, Vaşinqtonun region ölkələrini, o cümlədən bəzi ərəb dövlətlərini mümkün quru əməliyyatlarına cəlb etmək planları da praktik müstəvidə özünü doğrultmayıb".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.
Qeyd edək ki, ABŞ və İran arasında yenidən aktivləşən danışıqlar, xüsusilə Hörmüz boğazı ilə bağlı irəli sürülən tələblər fonunda beynəlxalq gündəmdə ön sıraya çıxıb. Vaşinqtonun Tehranın şərtlərinə hansı səviyyədə güzəşt edəcəyi isə həm regional sabitlik, həm də qlobal enerji marşrutlarının perspektivi baxımından əsas müzakirə mövzularından birinə çevrilib.
Siyasi şərhçi bildirib ki, mövcud vəziyyət tərəflərin hərbi baxımdan dalana dirəndiyini göstərir.
"ABŞ müəyyən hərbi üstünlüklər əldə etsə də, İran da asimmetrik vasitələrlə cavab verərək iqtisadi və siyasi təsir imkanlarını genişləndirə bilib. Xüsusilə Hörmüz boğazı üzərindən yaranan risklər qlobal enerji bazarlarında qeyri-sabitliyə səbəb olub və bu, ABŞ-nin müttəfiqləri üçün əlavə təzyiq formalaşdırıb. Daxili siyasi amillər də prosesə ciddi təsir göstərir. ABŞ-da qarşıdan gələn seçkilər fonunda İranla bağlı siyasət daxili siyasi mübarizənin alətinə çevrilib. Hərbi əməliyyatların uzanması Konqresdə əlavə təzyiqlərə, hətta administrasiya daxilində fikir ayrılıqlarına səbəb olur. Bu isə Tramp administrasiyasını daha çevik taktiki addımlar atmağa, o cümlədən diplomatik dialoqa üstünlük verməyə sövq edir. Məhz bu kontekstdə Vaşinqtonun İranla mümkün sazişə getmək cəhdləri izah oluna bilər. Belə bir razılaşma ABŞ tərəfindən “siyasi qələbə” kimi təqdim olunmağa hesablanıb. Lakin Tehran da öz növbəsində milli maraqlarını əsas götürərək diktə olunan şərtləri qəbul etmək niyyətində deyil və danışıqların beynəlxalq hüquq çərçivəsində aparılmasında israrlıdır. Eyni zamanda, İran bu qarşıdurmadan müəyyən siyasi dividendlər əldə etməyə çalışır. Rusiya və Çin kimi aktorların siyasi dəstəyi, həmçinin Qərb blokunda müşahidə olunan fikir ayrılıqları Tehranın mövqeyini qismən gücləndirir. Bu isə münaqişənin yalnız regional deyil, qlobal güc balansı kontekstində də qiymətləndirilməsini zəruri edir. Nəticə etibarilə, mövcud qarşıdurma nə tam hərbi qələbə, nə də sürətli siyasi həll vəd edir. Tərəflər arasında balanslaşmış bir qarşıdurma formalaşıb və yaxın perspektivdə kompromisin əldə olunması ehtimalı aşağı olaraq qalır. İran üçün əsas prioritet suverenliyin qorunmasıdırsa, ABŞ üçün məqsəd regionda strateji üstünlüyün saxlanılmasıdır. Bu ziddiyyətlər isə prosesin uzanacağını və mürəkkəb geosiyasi dinamika daxilində inkişaf edəcəyini göstərir".
Rəfiqə Namazəliyeva,
AzNews.az