İranda üçüncü qüvvə: Tehran hər an bombalana bilər - VİDEO ŞƏRH

21 Aprel 2026 20:43 (UTC+04:00)

Bu gün hər kəsin diqqəti Pakistanın paytaxtına yönəlib. Hamı maraqla gözləyir: İslamabbada keçirilməsi nəzərdə tutulan ABŞ-İran danışıqları necə bitəcək? Görüşün baş tutması, gedişatı və nəticələri həm regionda, həm də dünyada yeni proseslərə rəvac verir. Tramp İranı hədələməkdə davam edir. İranda vahid mövqe yoxdur. Tehranda üç fərqli ssenari ilə hərəkət edən qüvvələr var. Bizim Zəngəzur layihəmiz isə yenidən dünyanın gündəminə gəlib. Dünyaca məşhur ekspertlər Zəngəzuru yeni dünya nizamının kilid nöqtəsi adlandırırlar. Bu gün şahidi olduğumuz, gələcək nəsillərin illər sonra tarix kitablarından oxuyacağı nəhəng hadisələrin pərdəarxasındakı böyük planın oyunçuları arasında Azərbaycan hansı rola malikdir? Bunu anlamaq üçün prosesləri ayrı-ayrı tendensiyalar şəklində yox, vahid sistem kimi nəzərdən keçirməliyik.
Bu günlərdə mən internet televiziyalarının birində bir deputata sual verdim. Soruşdum ki, siz ABŞ-nin İranla savaşda qalib gəlmədiyini söyləyirsiniz, amma heç düşünürsünüzmü ki, Ağ evin müharibədən geri çəkilməsi bizim xarici siyasətimizin əsas priotetlərindən olan Zəngəzur dəhlizinin aqibətinə təsiri necə olacaq? İran savaşı başlayandan mənim israrla gündəmə gətirdiyim bu suala bir cavab İrandan, bir cavab Moskvadan, bir cavab da ABŞ-dən gəlib.

İranda Ehsan Müvəhhedian adlı bir ekspert var, Azərbaycana qarşı qərəzli mövqeyi ilə tanınır, daha doğrusu, özünün yox, İranın hakim dairələrinin mövqeyindən çıxış edir.

O, bildirib ki, İranın ABŞ-İsrail qarşıdurmasında qələbə qazanması Türkiyənin Azərbaycanla “saxta Zəngəzur dəhlizi” vasitəsilə birləşmək planını qeyri-mümkün edəcək. Onun sözlərinə görə, bu vəziyyət Qafqazda “Türk dünyası” layihəsinin əbədi olaraq iflasa uğramasına gətirib çıxara bilər:

“İranın üstünlük əldə etməsi təkcə Cənubi Qafqazda deyil, ümumilikdə Avrasiya məkanında güc balansını dəyişərək yeni geosiyasi arxitekturanın formalaşmasına səbəb olacaq”.

Moskvanın mövqeyini isə Rusiya baş nazirinin müavini Aleksey Overçuk TASS agentliyinə verdiyi verdiyi müsahibədə ifadə etmişdi. O bildirmişdi ki, “Tramp yolu”, yəni Zəngəzur dəhlizi layihəsi “Türkmənçay müqaviləsi ilə Cənubi Qafqazda formalaşmış tarixi balansı pozur”.

Bu günlərdə mətbuata açıqlama verən Karnegi Mərkəzinin eksperti Tomas de Vaalın sözlərinə görə isə, Zəngəzur dəhlizinin bir layihə kimi taleyi əsasən ABŞ–İran qarşıdurmasının necə inkişaf edəcəyindən asılıdır. O, bildirib ki, münaqişə uzandıqca alternativ ideyalarla çıxış edən ölkələrin fəallığı artacaq. Bu kontekstdə Rusiya və Gürcüstanın rolu xüsusilə diqqət çəkir.

Ekspert qeyd edib ki, son dövrlərdə Bakı ilə Moskva arasında müşahidə olunan yaxınlaşma təsadüfi deyil. Eyni zamanda, Gürcüstan regionun əsas tranzit qovşağı olaraq əhəmiyyətini qoruyur. Prezident İlham Əliyevin bu yaxınlarda Gürcüstana səfəri də bu baxımdan diqqətəlayiq hesab olunur.

De Vaalın fikrincə, İranın Tramp marşrutunun qarşısını almaq üçün müəyyən rıçaqları var. Lakin həlledici amil münaqişənin nəticəsi olacaq.

Bu yanaşmaların heç biri, əlbəttə, təsadüfi deyil və əsas sual budur ki, ABŞ-İran savaşının nəticəsi necə olacaq?

Bu gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəsi uzatmaq istəmədiyini bildirib.
AzNews.az xəbər verir ki, Tramp İranla yaxşı bir razılaşma əldə etmək istədiyini və bu məqsədinə çatmaq üçün yetərincə vaxtının olduğunu vurğulayıb. “Biz müharibəni tam udmuşuq. Kaş siz bizim iranlılarla söhbətlərimizi eşidə biləydiniz”, - deyə ABŞ lideri qeyd edib.

O əlavə edib ki, ABŞ öz hərbi gücünü tamamilə bərpa edib və atəşkəsdən əvvəlki dövrlə müqayisədə daha güclüdür: “Biz atəşkəsdən gücümüzü yeniləmək üçün istifadə etdik. İran isə çox güman az həcmdə öz güclərini yeniləyiblər”.

Eyni zamanda, Tramp ABŞ-ın Yaxın Şərqdəki müttəfiqlərinin NATO-dan daha yaxşı olduğunu diqqətə çatdırıb.

ABŞ-İran savaşı başlayandan mənim dönə-dönə vurğuladığım bir məqam var. O məqama dönərək bir daha təkrar etmək istəyirəm ki, ABŞ İrana qalib gəlmək üçün İraq müharibəsindən də, Venesuala əməliyyatından da tamamilə fərqli plan qurub. Rusiya-Ukrayna müharibəsində Kremlin məqsədi konkretdir- Putin Ukraynanın bəlli ərazilərin bayraq sancıb və Kiyevdən ərazi qoparmaq istəyir. ABŞ-nin İranın hər hansı ostanında gözü yoxdur. Tramp istər hərbi əməliyyatla, istərsə də danışıqlarla proses yaratmaq istəyir və fakt yox, proses nəticəsində İran üzərində Birləşmiş Ştatlar üzərində nüfuz dairəsini yaratmağa çalışır. Məsələnin məhz bu tərəfini görə bilməyənlər və ya görmək istəməyənlər Azərbaycan ictimai rəyinə savaşla bağlı “İran narrativləri” daxil etmək üçün əldən-ayaqdan getdilər. O cümlədən iddia etdilər ki, birinci raundda İslamabada gedən İran nümayəndələri ABŞ-dən təslim olmağı tələb edəcəklər. Mən isə tam əksini söyləyərək bildirdim ki, ABŞ İranın elitasını, komandanlarını, arsenalını 40 gün ərzində ciddi bir şəkildə məhv edib, Tehranı həm Hürmüz boğazında, həm də digər vasitələrlə iqtisadi cəhətdən sıxacaq və kapitulyasiyaya məruz qoyacaq. İkinci raund ərəfəsində İran Prezidenti Pezeşkian da, parlament sədri Qalibaf da açıq-açıq bəyan edirlər ki, ABŞ bizim təslimiyyətə imza atmağımızı gözləyr. İndi bütün obyektiv analitiklər üçün sual budur ki, ikinci raundda İran təslim aktı imzalayacaq ya yox?

Amma bu sualın cavabı nə Ağ evdədir, nə İslamabaddadır. Tehranda klerikal rejim parçalanıb. Dünənə qədər özünü İran sosiologiyasının bilicisi hesab edənlər and-aman edirdilər ki, ABŞ-nin avia zərbələri xalqı mollaların ətrafında birləşdirib, rejim monolitdir, Hürmüzdə boğazı qapayaraq Tehran milyardlar qazanacaq. Ancaq gəlinən nöqtədə Tehranda BƏSİC öz üzvlərini meydanlara zorla doldurur, hakim elitada isə savaşa münasibətdə üç fərqli mövqe var.

Praqmatik mövqeyə görə, ABŞ-nin şərtlərini qəbul etmək, Ağ evin tərəfdaşına çevrilmək və vaxtilə Qərbi Almaniyanın yürütdüyü siyasətə oxşar islahatlar aparıb İranın iqtisadi qüdrətini artırmaq lazımdır.

İkinci cinah müqavimət tərəfdarlarıdır və onlar əsasən Çin, Rusiya, Hindistan tərəfindən himayə olunurlar. Bu qrupun arqumenti budur ki, prosesi ən azı noyabra qədər uzatmaq lazımdır, Trampın başı Amerikada seçkilərə qarışacaq, o zaman yaranan boşluqdan istifadə edib Ağ evdən daha çox güzəşt qopara bilərik.

Nəhayət, üçüncü və daha dərin qüvvə hər iki ssenari üzrə proseslərin gedişatını izləyən və çevrilişə hazırlaşan hərbiçilərdir. Bu qüvvə İran həm təslim olacağı, həm də müqavimət göstərərək daha çox zərbə alacağı halda hərəkətə keçə bilər. İndi fərz edək ki, sabah günorta Pakistanda ABŞ-la bir sənəd imzalandı, axşam çevriliş baş verdi. Yaxud heç bir razılaşma olmadı, atəşkəs pozuldu, İrana zərbələr endirildi. Hər iki variantda məhz bu qüvvə üçün münbit şərait yaranır və onlar prosesi poza bilirlər. Elə Tramp da görünür bu üzdən vaxt problemi olmadığını deyir, kəşfiyyat xətti ilə İrandakı prosesləri nəzarətdə saxlamaq istəyir, lakin bütün hallarda ABŞ bu savaşın uzanmasında maraqlı deyil.

Bütün bu olayların fonunda bir məsələ artıq aydındır: İslamabad danışıqlarının nəticəsindən asılı olmayaraq, İran daxili xaosa yuvarlanır. Çünki Tehranda sistem parçalanıb, kənarda isə böyük güclərin maraqları və təzyiqləri var. Bu isə o deməkdir ki, Azərbaycan bu proseslərin kənarında qala bilməz. Əksinə, Zəngəzur dəhlizi ilə bağlı yenidən aktuallaşan müzakirələr göstərir ki, biz bu böyük planın mərkəzində yer alırıq. Sevindirici budur ki, biz son 200 ildə ilk dəfə yeni dünya nizamı quruculuğuna müstəqil, qalib, qətiyyətli dövlət kimi qoşuluruq. Ona görə də xahiş edirəm, qətiyyən pafos kimi qarşılanmayın, qazanan Azərbaycan və Azərbaycanın böyüklüyünü təssəvvür edənlər olacaq.

Bütün bu proseslərin fonunda bir şey getdikcə daha aydın görünür: İslamabad danışıqlarının nəticəsindən asılı olmayaraq, İran daxili xaosa yuvarlanır, Tehranda gərginlik və parçalanma tendensiyası güclənir. Çünki Tehranda artıq vahid qərar mexanizmi yoxdur, fərqli güc qrupları bir-birinə zidd maraqlardan çıxış edirlər. Kənarda isə böyük güclərin maraqları və təzyiqləri var.

Bu isə o deməkdir ki, Azərbaycan bu proseslərin kənarında qala bilməz. Əksinə, Zəngəzur ətrafında yenidən aktivləşən müzakirələr göstərir ki, regionun yeni geosiyasi xəritəsində biz sıradan müşahidəçi deyilik. Ən önəmli məqam budur ki… Azərbaycan son 200 ildə ilk dəfə olaraq yeni dünya nizamının formalaşdığı mərhələyə müstəqil, qalib, qətiyyətli dövlət kimi qoşuluruq. Odur ki, gözünüz Pakistanın deyil, Azərbaycanın paytaxtında- Bakıda olsa yaxşıdır!

Taleh ŞAHSUVARLI