Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün ölkənin dağlıq ərazilərdə qar yağıb. Qar örtüyünün hündürlüyü Şahdağda 87, Kəlbəcərdə 4, Laçında 2, Qrız, Xınalıq, Qusar (Laza), Zaqatalada (Əlibəy) 1 sm-dir.
Maraqlıdır, son on il ərzində aprel ayında neçə dəfə və hansı ərazilərə qar yağıb?
Aznews.az xəbər verir ki, statistikaya görə, 2017 və 2018-ci illərin aprel ayında da dağlıq ərazilərdə qar yağıb. 2019-cu ilin 17–22 aprel tarixlərində isə Zaqatala, Balakən, Şəki, Oğuz, Quba ərazilərində qar yağıb. Qarın hündürlüyü 2 -14 sm olub. 2020-ci və 2024-cü illərdə də dağlıq ərazilərdə aprel ayında qar düşüb.
2022-ci və 2023-cü illərdə isə may ayında Quba rayonunun Xınalıq kəndinə qar yağıb, qarın hündürlüyü 10 sm-dən çox olub.
Qeyd edək ki, 5 aprel 2004-cü ildə isə Bakı şəhərində güclü qar yağıb. Bu isə rekord hadisə kimi qiymətləndirilir.