COP29 beynəlxalq səylərin birləşdirilməsinə mühüm töhfə olub.
Aznews.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Astanada Regional Ekoloji Sammitdə çıxışında bildirib.
“Regional Ekoloji Sammit çərçivəsində ekoloji dayanıqlığın təmin edilməsi, iqtisadi inkişaf və xalqlarımızın rifahı üçün prinsipial əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi olduqca aktual və vaxtında atılmış addımdır. Azərbaycan ekologiyanın qorunması və iqlim dəyişikliyinə qarşı mübarizə məsələlərinə böyük əhəmiyyət verir və bu istiqamətləri dayanıqlı inkişaf üzrə milli və beynəlxalq gündəliyin ayrılmaz hissəsi kimi qiymətləndirir. Bu kontekstdə, Bakıda keçirilən BMT-nin iqlim üzrə konfransı – COP29 ölkəmizin qlobal iqlim gündəliyinin əsas məsələləri üzrə beynəlxalq səylərin birləşdirilməsinə mühüm töhfəsi olub. Əminik ki, hazırkı sammitin nəticələri də praktiki təşəbbüslərin hazırlanmasına və ətraf mühitin qorunması sahəsində regional əməkdaşlığın gücləndirilməsinə xidmət edəcək. İqlim dəyişikliyi, şirin su ehtiyatlarının azalması və su resurslarına düşən yükün artması ilə bağlı qlobal çağırışların gücləndiyi bir şəraitdə su təhlükəsizliyi məsələləri beynəlxalq gündəlikdə prioritet əhəmiyyət kəsb edir.
Bu baxımdan, Qazaxıstan Respublikasının BMT-nin himayəsi altında ixtisaslaşmış beynəlxalq su təşkilatının yaradılması təşəbbüsünü dəstəkləyirik”, - deyə Baş nazir bildirib.