Donald Trampın Tehranla atəşkəs rejimini uzatmasından bir neçə saat sonra İranın hərbi tankeri Hörmüz boğazında konteyner gəmisinə hücum edib.
Təsdiq olunmuş məlumatlara görə, SEPAH-ın dəniz qüvvələri Omanın şimal-şərqində yük gəmisinə atəş açıb. Heyət üzvləri sağ-salamatdır.
Bu olay onu göstərir ki, ABŞ prezidenti Donald Trampın dünən son anda birtərəfli bəyanat verərək İranla uzatdığı atəşkəs hər an qırıla və müharibə yenidən alovlana bilər.
Bu ehtimal İranda da ciddi şəkildə nəzərdən keçirilir. Tehran Trampın yeni bir eskalasiya üçün məqam gözlədiyini düşünür. AzNews.az xəbər verir ki, İranı müzakirələrdə təmsil edən Məhəmməd Bağır Qalibafın müşaviri Mehdi Məhəmmədi xəbərdarlıq edib ki, Trampın atəşkəs müddətini uzatması sadəcə “vaxt qazanmaq üçün bir hiylədir".
Bu arada İran komandanları Donald Trampın "təkrarlanan təhdidləri" fonunda bir sıra hədəflərə "dərhal və güclü hücum" edəcəyini açıqlayıb. Bildirilib ki, İrana hücum ehtimalına qarşı ordu 100 faiz hazırlıq vəziyyətindədir və əlləri tətikdədir.
Prosesin nizamlanma çərçivəsindən çıxması Ağ evdə də narahatlıq doğurur. Britaniya qəzetlərinin yazdığına görə, Trampın ən yaxın köməkçiləri belə, onun sosial şəbəkələrdə paylaşımlarına ayaq uydurmaqda çətinlik çəkirlər. Bu yeniliklər bütün dünyada səs-küyə səbəb olur, lakin ortada diplomatik irəliləyiş yoxdur.
İrəliləyiş olacaqmı?- bu sual indi çoxlarını düşündürür. Heç şübhəsiz, sizi də dərindən maraqlandıran sualın cavabı Donald Trampın dünən verdiyi “müddətsiz atəşkəs” bəyanatının sətirləri arasındadır.
Prezident Tramp bu qərarı Pakistanın baş naziri Şahbaz Şərifin və həmin ölkənin Baş Qərargah rəisi Asim Munirin təklifi ilə verdiyini bildirdi. Trampın sözlərinə görə, danışıqların davamı və Ağ evin irəli sürdüyü şərtlərin qəbulu ilə bağlı Tehranda vahid mövqe yoxdur, İran rejimi parçalanıb və əgər onlar ortaq mövqeyə gələ bilərlərsə, müzakirələr davam edəcək.
Bu açıqlamada əsas diqqət çəkən məqam odur ki, Tramp yeni qərarının məsuliyyətini həm də Pakistanın üzərinə qoyur və İslamabadın vasitəçiliyinin davam etməsinə yaşıl işıq yandırır. Bu mesaj Pakistan rəsmilərinin açıqlamalarında da yer alır. Çıxan nəticə:
1. Pakistan vasitəçi platform kimi aktuallığını saxlayır;
2. ABŞ və İran arasında danışıqlar həm ekspert qrupları səviyyəsində, həm də rəsmi xəttlərlə İslamabad vasitəsi ilə davam etdirilir.
İndiki situasiyada İranın İslamabada getməkdən imtina etməsi Tehranın Pakistanın vasitəçi kimi fəaliyyətinə kölgə salmaq cəhdidir. Bu vəziyyət, əlbəttə, Pakistanı qane edə bilməz. Yeri gəlmişkən, ötən gün Pakistanın Baş naziri Şehbaz Şərif və Müdafiə Qüvvələrinin rəisi, feldmarşal Asim Munirin Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb. Belə bir qətnamə Pakistanda Pəncab Əyalət Məclisində qəbul edilib. Feldmarşal Munir isə ötən il ABŞ prezidenti Donald Trampı Nobel ödülünə layiq saymışdı. Asim Munirin Tehrana məlum səfərindən sonra danışıqların ən azı nəzərdə tutulan vaxtda baş tutmaması Pakistan Silahlı Qüvvələrinin səbr kasasını daşdıra bilər. Buna paralel olaraq, ABŞ də Pakistanın fəaliyyətindən məmnun qalmazsa, bu, təhlükəli ritorikanın güclənməsinə rəvac verəcək. Başqa sözlə, Pakistan hazırda ABŞ-İran xəttinin əsas diplomatik körpüsüdür. Əgər bu körpü zəifləsə və ya uçsa, İran daha sərt hərbi təzyiq və daha az manevr imkanı ilə üz-üzə qala bilər.
Proseslərin iki mümkün ssenarisi üzrə təhlil aparaq.
Birinci sual: Danışıqların davam etdiriləcəyi təqdirdə İranın əlində hansı kartlar var?
Sizə açığını deyim, İranın əlində yeganə kart zamandır. Tehran lap əvvəldən hesab edir ki, ABŞ-də noyabrda gözlənilən ara seçkilərə qədər vaxt udmaq lazımdır. Çünki bu seçkilər ərəfəsində respublikaçılar “İran hekayəsi”ni bağlamaq üçün Trampa təzyiq edəcəklər, o zaman Tehran tələsən amerika prezidentindən daha çox güzəşt qoparacaqlar. Lakin bu taktikanın riskləri də var. İlk risk Trampın yeni əməliyyata başlamaq qərarıdır. Digər tərəfdən, Hürmüz boğazında yaranan vəziyyət getdikcə daha çox İranın öz əleyhinə işləyir, hətta Çinin də narazılığına səbəb olur. Nəhayət, Pakistan az öncə dediyimiz kimi, neytral vasitəçi tərəfdən İrana təzyiq edən tərəfə çevrilə bilər və bununla da Tehran regionda olmayan nüfuzunu tamamilə itirmiş olar.
İkinci sual: Savaş başlayarsa, İranı nə gözləyir?
Bir reallığı obyektiv qiymətləndirək ki, eskalasiyanın ilk mərhələsində İranda15 min civarında hərbi hədəf vurulub. Bu itkilərin yerini dərhal doldurmaq mümkün deyil, bir neçə 10 il çəkə bilər. Hər nə qədər birinci mərhələnin nəticələrini doğru analiz etsə belə, ikinci eskalasiyada İranın hərbi resursları daha qısılmış vəziyyətdədir. ABŞ isə bölgəyə yeni qüvvə gətirib, arsenalını gücləndirib və yeni hədəflər müəyyən edib, yəqin ki, yeni “qara siyahı” da hazırlayıb. Odur ki, növbəti zərbələrin endirilməsi İran üçün daha betər fəlakət ssenarisidir.
Əlbəttə, İran yenə İsrailə, bölgə ölkələrinə raket atacaq. Bu, Tehran rejiminin əlində qalan yeganə ən təsirli hərbi təzyiq vasitəsidir. Nəticədə yenə çarşı qarışacaq, neftin qiyməti qalxacaq, amma bütün bunlar strateji olaraq ABŞ üçün problem deyil. Problem odur ki, eskalasiya yenə də atəşkəslə nəticələnməlidir və yenə də danışıq masası qurulmalıdır və yenə də İran o masada vaxt udmaq istəyəcək. Bu isə, dediyimiz kimi, Trampa qətiyyən sərf etmir.
Ona görə də gözləmək olar ki, ABŞ İranı daxildən yenməyə çalışacaq. Bu məqsəd üçün ABŞ ya quru əməliyyatı keçirərək Körfəz bölgəsini İranın nəzarətindən çıxarmalıdır, ya da Tehranda hakimiyyətə özünə münasib bir qüvvə gətirməlidir. Hər iki ssenarini həyata keçirməyə ABŞ-nin gücü var, lakin reallaşdırmaq o qədər də asan deyil. İndiki halda daha praqmatik ssenari İranda artıq taqətdən düşmüş və parçalanmaya məruz qalmış qərarverici mexanizmləri sarsıtmaqdır. Bunun üçün isə ABŞ yaxın günlərdə Tehran elitasında ilk növbədə yeni xof dalğası yaratmalı, şərtlərini qəbul etmək istəməyən qüvvələrin təmsilçilərini zərərsizləşdirməlidir.
Taleh ŞAHSUVARLI