"Müəllim 50 faizdən yuxarı nəticə toplamalıdır " – Ramin Nurəliyev

22 Aprel 2026 21:22 (UTC+04:00)

“Sertifikasiya imtahanı bizə çox şeyi göstərdi və aydın oldu ki, orta ümumtəhsil məktəblərində ixtisas fənlərini tədris edən müəllimlərin bu prosesdən keçməsi vacibdir. Çünki imtahan nəticələri göstərdi ki, bəzi müəllimlər öz ixtisası üzrə tədris aparmır, fərqli ixtisas bitirib müəllim kimi fəaliyyət göstərirlər. Eyni zamanda, illərlə öz ixtisasını tədris edən bəzi müəllimlərin belə keçid üçün tələb olunan 50 faizlik nəticəni toplaya bilmədiyi müşahidə olundu. Bu, təhsilin keyfiyyəti baxımından ciddi problemdir. Sertifikasiya imtahanı isə keyfiyyətli müəllimlərin tədris prosesinə cəlb olunmasına müəyyən dərəcədə müsbət təsir göstərə bilər. Çünki müəllim öz ixtisasını bilməli və şagird qarşısında çətin vəziyyətdə qalmamalıdır. Əvvəlki illərdə bəzi fənlər üzrə sertifikasiya imtahanı ilə bağlı ictimai narazılıqlar da səsləndirilirdi. Xüsusilə sualların tərtibatı, nəticələrin qiymətləndirilməsi və mükafatlandırma meyarları ilə bağlı müxtəlif iradlar vardı. Bəzi hallarda sualların kifayət qədər qənaətbəxş olmadığı da qeyd olunurdu. Buna baxmayaraq, hesab edirəm ki, müəllim öz ixtisasını bilməlidir".

Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.

Qeyd edək ki, keçənilki sertifikasiya prosesində kimya və biologiya müəllimlərinin nəticələri gözləntiləri doğrultmadı. Növbəti mərhələdə isə imtahanlar təsviri incəsənət, texnologiya, fiziki tərbiyə, musiqi və tarix ixtisasları üzrə keçiriləcək.

Ekspert bildirib ki, ayrı-ayrı suallar çətin ola bilər, lakin ümumi nəticədə müəllim minimum 50 faiz nəticə toplamalıdır.

"Bu il sertifikasiya imtahanının təsviri incəsənət, texnologiya, fiziki tərbiyə, musiqi və tarix fənləri üzrə keçirilməsi nəzərdə tutulur. Hansı müəllimlərin uğurlu olub-olmayacağını indidən demək çətindir. Lakin müşahidələr göstərir ki, müəllimlər artıq sertifikasiyanın ciddiliyini anlayır və buna uyğun hazırlıq görürlər. Şəxsi müşahidəmə əsasən, fiziki tərbiyə müəllimlərinin bir qismi bu imtahanda müəyyən çətinliklərlə üzləşə bilər. Bunun səbəbi isə bəzi hallarda tədris prosesinin proqram üzrə deyil, formal şəkildə aparılmasıdır. Məsələn, şagirdlərə top verilib sərbəst oyun təşkil edilməsi və ya dərsin qeyri-akademik fəaliyyətlərlə əvəz olunması halları müşahidə olunur. Halbuki Elm və Təhsil Nazirliyi tərəfindən hər bir fənn üzrə konkret tədris proqramı müəyyən edilib və dərslər bu proqram əsasında keçirilməlidir. Qeyd edim ki, bu fikirlər ümumiləşdirilmiş deyil və bütün müəllimlərə şamil oluna bilməz. Sadəcə bəzi məktəblərdə müşahidə olunan hallara əsaslanır. Eyni zamanda, mümkündür ki, fiziki tərbiyə müəllimləri də sertifikasiya imtahanında yüksək nəticələr əldə etsinlər".

Rəfiqə Namazəliyeva,

AzNews.az