"Biz istənilən halda fiziki, mənəvi və psixoloji zərərin qarşısının alınmasını, uşaqların psixoloji təzyiqdən qorunmasını müsbət tendensiya kimi qiymətləndirməliyik. Bu baxımdan İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərin hüquqi, siyasi, mədəni və etik əsasları mövcuddur. Lakin bununla yanaşı, məhdudiyyətlərin tətbiqi və sərhədlərinin müəyyənləşdirilməsi məsələsində kontekst bir qədər dəyişir. Sual yaranır ki, hansı davranışlara icazə verilir, hansılarına yox. Məsələn, müəllimin tələbkarlığı bəzən psixoloji zorakılıq kimi qiymətləndirilə bilər. Eyni zamanda, şagirdin mənfi davranışına qarşı tətbiq edilən tənbeh psixoloji təzyiq kimi yozula bilər. Valideynin övladını danlaması belə bəzi hallarda psixoloji təzyiq kimi qəbul edilə bilər. Bu səbəbdən yanaşma tərzi və münasibət xüsusi əhəmiyyət daşıyır".
Bu fikirləri Aznews.az-a açıqlamasında sosioloq Naib Niftəliyev deyib.
Qeyd edək ki, tərbiyə məqsədilə uşağa qarşı fiziki zorakılıq tətbiq edən valideyn və müəllimlər 200 manatadək cərimələnəcək. Bu, Milli Məclisdə qəbul edilən və İnzibati Xətalar Məcəlləsinə əlavə olunan yeni 525-1-ci maddədə əksini tapıb. Dəyişikliyə əsasən, valideynlər, eləcə də uşaqlara nəzarət edən təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət və digər müəssisələrin əməkdaşları tərəfindən cismani cəza və ya fiziki-psixoloji zorakılıq tətbiqinə görə 200 manat məbləğində cərimə nəzərdə tutulur. Qeyd olunur ki, bu norma yalnız əməl cinayət məsuliyyəti yaratmadıqda tətbiq edilir. Qanun layihəsi müzakirələrdən sonra üçüncü oxunuşda qəbul edilib.
Sosioloq bildirib ki, fiziki və psixoloji zorakılıq halları 200 manatlıq cərimə ilə həll edilə biləcək məsələ deyil.
"Bu, daha geniş hüquqi və inzibati çərçivədə, dəqiq və detallı şəkildə tənzimlənməlidir. 525-1-ci maddənin qəbul edilməsi müəyyən mənada tərbiyə xarakterli hərəkətlərin məhdudlaşdırılmasına xidmət edir. Digər tərəfdən, fiziki və psixoloji zorakılıqla tərbiyə arasında ciddi fərq var. Bu anlayışlar aydın şəkildə fərqləndirilməlidir: hansı davranış psixoloji zorakılıqdır, hansı hərəkət fiziki şiddətdir, hansı isə tərbiyə məqsədli təsirdir – bunlara qanunvericilikdə aydınlıq gətirilməlidir. Əks halda, sanksiyaların tətbiqi çətinləşəcək. Bu dəyişikliklər tərbiyə prosesində də müəyyən çətinliklər yarada bilər. Çünki bəzi hallarda obyektiv faktlar subyektiv yanaşmalarla fərqli qiymətləndirilə bilər. Nəticədə isə həm müəllimlər, həm də valideynlər üçün qeyri-müəyyən vəziyyət formalaşa bilər. Ümumiyyətlə, problem ondan ibarətdir ki, qəbul edilən qanunlarda çox vaxt tətbiq və icra mexanizmləri kifayət qədər aydın göstərilmir. Bu isə məsuliyyətin daha çox ictimai rəyin üzərinə düşməsinə səbəb olur. Unutmaq olmaz ki, müəllimin fəaliyyəti yalnız fiziki deyil, həm də psixoloji və pedaqoji təsir üzərində qurulur. Müəllimin nüfuzu, etik davranışı və yanaşması tədris prosesində mühüm rol oynayır. Bəzi hallarda isə müəllim şagird tərəfindən sərt və tələbkar obraz kimi qəbul edilə bilər. Bu baxımdan həm uşaqların, həm də müəllim və valideynlərin hüquqları balanslı şəkildə qorunmalıdır. Uşaqların məsuliyyətsiz və etikadan kənar davranışlarının qarşısının alınmasında valideynlərə və müəllimlərə dəstək mexanizmləri gücləndirilməlidir. Nəticə etibarilə, fiziki cəza qəbuledilməzdir, lakin tərbiyə və intizamın təmin olunması üçün alternativ, effektiv pedaqoji mexanizmlər formalaşdırılmalıdır. Əks halda, həm təhsil, həm də tərbiyə prosesində ciddi boşluqlar yarana bilər".
Rəfiqə Namazəliyeva,
AzNews.az